Modern.az

Şamaxıda tapılan qədim məzarlıq muzey olacaq?

Şamaxıda tapılan qədim məzarlıq muzey olacaq?

30 May 2017, 14:20

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunun Dəmirçi kəndindəki “Gəgəli yurdu” deyilən ərazidə qədim məzarlıq ( 3 hektar ərazini əhatə edir) aşkar edilib. Məzarlığın 3-4-cü əsrlərə aid olduğu ehtimal edilir.

 

Modern.az-a daxil olan məlumata görə həmin ərazidə muzey tikilməsi planlaşdırılır. Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün  Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə yaradıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli  Modern.az-a açıqlamasında bildirib ki,  həmin ərazidə muzeyin tikilməsi yaxşı hal olsa da, hələki belə bir şey yoxdur:

 

“Şamaxı rayonunda hələ də tədqiqatlar davam edir. Keçən həftə tapılan abidə olduqca maraqlıdır. Orada qazıntı aparan ekspedisiyanın rəisi,  tarix elmləri doktoru  Qafar Cəbiyevin verdiyi məlumata görə, abidə 3-4-cü əsrlərə aiddir. Bu, Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın maraqlı mərhələlərindən birini əhatə edir.   Həmin abidə Azərbaycan tarixi üçün olduqca dəyərli mənbədir.

 

Amma orada hər hansı muzeyin yaradılması haqqında qəti plan yoxdur.  Bilirsiniz, bu,  uzun   çəkən və planlaşdırılan  işdir.  Olduqca çətin prosesdir.  

 

Ümumiyyətlə,  Azərbaycan ərazisində qazılan hər bir arxeoloji  abidənin qazıntıdan sonra konservasiya edilib saxlanılması olduqca önəmlidir. Bu həm  turizm üçün vacibdir, həm də tariximizin öyrənilməsi  üçün əyani vəsaitdir.

 

Hazırda bizim inistitumuz və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan  bir sıra layihələr var. Muzey ilə bağlı yaxın gələcək üçün qəti bir söz demək olmur. Muzeyin tikilməsi mümkün olsa, şübhəsiz ki, çox yaxşı olardı”.   

 

Nəcəf Museyibli qeyd edib ki, Arxeologiya və Etnoqrafiya instutunun əsas öhdəliyi qazıntı və  tədqiqatlar aparmaqdır.

 

“Amma onun konservasiya edilməsi məsələsi  böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda  buna mütəxəssislər, başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla digər dövlət qurumları  da cəlb edilməlidir”.

 

Günay RƏSULQIZI

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj