1-2 iyun 2017-ci il tarixdə Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda keçiriləcək. Beynəlxalq Elmi Konfransda iştirak etmək üçün Bakıya gələn Misirli tədqiqatçı, Asiya problemlərinin araşdırıcısı, Siyasət və İnformasiya Tədqiqatları Dialoq Mərkəzinin Asiya Araşdırmalar sektorunun rəhbəri Əhməd Abdo Tərabik Qərb Universitetinin tələbələri üçün seminar keçib.
Universitetin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Zabitə Teymurlu qonağı təqdim edərək “Qarabağ Misir tədqiqatçılarının gözü ilə” adlı seminarın əhəmiyyətini qeyd edib. Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Misirli tədqiqatçının müəlifi olduğu “Qarabağ - Qafqazda sülhə aparan yol” kitabı barədə tələbələrə məlumat verib. Daha sonra Misirli tədqiqatçı Əhməd Abdo Tərabik Dağlıq Qarabağ münaqişəsi mövzusunda mühazirə ilə çıxış edib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmli olduğunu diqqətə çatdıran jurnalist bildirib ki, islam həmrəyliyi İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir.
“Beynəlxalq hüquq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq Ermənistannın BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməməsinə qarşı faktiki heç bir tədbir görülmür” – deyə tədqiqatçı bildirib. Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, maraqlı polemikaya görə onlara təşəkkür edib. Bir daha xatırladaq ki, 1-2 iyun 2017-ci il tarixdə Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edəcəklər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq.
Modern.az