Azər-Türk Med klinikasının baş həkmi, GENOKS-un (genetik xəstəliklərin diqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi Ersadik Turan 13 ildir ki, Azərbaycanda çalışır. Türkiyənin Hacettepe Üniversitesi Tibb Fakültəsini bitirən həkimin müainə və müalicələri nəticəsində bu illər ərzində çoxlu sayda ailə həm təbii yolla, həm də süni mayalanma ilə övlad sahibi olub. Övlad həsrətində olan Azərbaycan ailələrinin bəziləri hələ də süni mayalanma ilə valideyn olmaq şansından yan qaçır. Ya bunu mental dəyərlərə bağlayaraq etmir, ya da inanmadığından etmir.
Modern.az bu mövzuda Ersadik Turanla söhbəti təqdim edir:
- Kişilər arasında çox az sayda genekologiya ixtisasına sahiblənən həkimlər olur. Sizin bu ixtisası seçməyiniz hansı zərurətdən yarandı?
-Analar çox müqəddəs varlıqlardır. Bizi dünyaya onlar gətirir, həyatımızı onlara borcluyuq. Onlara bu müqəddəs missiyalarında kömək etmək, ən böyük arzum olub. Təbii ki, bütün bunlarla yanaşı bir qadının ana olmasında həkim kimi ona dəstək durmaq, onun üçün dünyada ən qiymətli varlığa dolayısı yolla səbəbkar olmaq üçün bu sahəni seçdim.
- Niyə məhz Azərbaycanda işləmək qərarına gəldiniz?
-Mən İstanbulda alman xəstəxanasında işləyəndə Azərbaycandan, Bakıdan çoxlu xəstələrimiz olurdu. Onlarla söhbət edirdik, deyirdilər ki, biz bura gələ bilirik maddi imkanımız var, amma sonsuzluqdan əziyyət çəkən, imkanı olmayan və Türkiyəyə gələ bilməyən çoxlu ailələr var. Və Azərbaycana gəlib burdakı insanlara, qohum-əqrəbalarına kömək etməyimi xahiş edirdilər. Türkiyəyə gələn xəstələrimlə çox yaxın, isti münasibətlərim elə bil məni bura çəkməyə başladı. Nəticədə eyni millətik, eyni dili danışırıq. Mən niyə olmasın deyə düşündüm. İlk olaraq bir illik gəldim. Bir il sonra gördüm ki, burada özümü yad hiss etmirəm. Sanki öz vətənim kimi hiss edirəm. Çünki isti münasibət, xoş rəftar gördüm. Mən burda özümü qıraq, yad adam hiss etmədim. Bundan sonra burda qalmq fikrim oldu. Ailə qurdum, uşağım burada dünyaya gəldi.
- Övlad arzusunda olan ailələr süni mayalanmaya nə zaman üz tutmalıdırlar?
-Qadının borularının bağlı olması, ya da kişinin spermalarının olmaması, ya da çox az olması ilə bağlı dəqiq göstəricilər olarsa, süni mayalanma edilməlidir. Amma belə qəti bir səbəb yoxdursa, onda ilk olaraq 3 ay ovilasiya indukasiyası edilir. Əgər o zaman qadın hamilə olmazsa, 3 ay da aşılama olur. Əgər bu zaman da effekt alınmasa, məhz o zaman süni mayalnamaya üz tutulur.
- Süni mayalanmanın fəsadları olurmu? Yəni süni mayalanama yolu ilə dünyaya gələn uşaqlarda hər hansı qüsurlar aşkar oluna bilər?
-Süni mayalanma ilə dünyaya gələn uşaqlardakı qüsurlar, əgər onlar normal yolla da dünyaya gəlsə, eyni qüsurlar olacaq. Çünki bunlar genetik qüsurlardır. Anada, ya da atada genetik olaraq xəstəlik daşıyıcılığı varsa, onlardan dünyaya gələn uşaq da onların DNT-si birləşdiyi üçün fəsadlar aşkara çıxır. Süni, ya da təbii yolla, yəni ümumilikdə heç bir fərq yoxdur. Təbii yolla olan zaman 1 faiz olan fəsad, süni mayalanmada da bir faizdir.
- Məlumdur ki, süni mayalanma təbii hamiləlikdən baha başa gəlir. Elə variantlar varmı ki, arzusunda olan hər kəs süni mayalanmaya müraciət etsin?
- Bir çox ölkələrlə müqaisədə Aərbaycanda süni mayalanma çox ucuz başa gəlir. Onu da deyim ki, ölkədə baş verən devalivasiyanın demək olar ki, qiymətlərə heç bir təsiri olmadı. Azərbaycanda süni mayalanma ilə məşğul olan bütün klinikalarda qiymətlər demək olar ki, oxşardır. Bir də biz çox vaxt bacardığımız qədər pasientlərimizə dəstək oluruq. Çünki heç bir uşaq istəyən qucaqların boş qalmasını, evlərin, ailələrin körpəsiz olmasını istəmirəm.
- Statistik məlumatlara əsasən dünyada genetik xəstəliklər durmadan artır. Və o da sevindici haldır ki, ən yüksək texnologiyaların sayəsində bu xəstəliklər erkən aşkar olunur və qabaqlayıcı tədbirlər görülür. Siz dünyada ən yüksək keyfiyyəti hesab olunan NİFTY testi ilə işləyirsiniz. Bu testin başqa testlərdən fərqi nədir?
- Daha əvvəl hamiləlik zamanı uşağın sağlamlığı ilə əlaqədar dölyanı maye götürülürdü. Bunun adı amniosentezdir. Amniosentez qarına iynə batırılaraq edilən bir prosesdir. Bu da xəstələri qorxudurdu. Çünki bu zamllan uşaqların bir faiz düşmə riski olurdu. Bunu da analar böyük faiz sayırdılar. Qadınlar bundan qorxduğu üçün çox vaxt buna getmirdilər. Amma indi DNT-ni inkişaf etmiş texnologiyalar vasitəsiylə, NİFTY testi sayəsində ana qanında fetal DNT fraqmalar aşkar edilir, o fraqmalardan DNT analizi edərək xəstəliklər araşdırılır. Bu, döl 10 həftəlik olan zaman edilir və 7-10 günə cavabları çıxır. Bu çox yüksək texnoloji məhsuldur. Daun sindromu, trisomi 13, trisomi 18, trisomi 21 kimi təxminən 19 genetik xəstəliyə baxıla bilinir. Yəni digər testlərdə 4 parametrə baxılırsa, burda 19 genetik xəstəliyə baxılır. Mən inanıram ki, gələcəkdə daha çox xəstəlikləri bununla müəyyən etmək olacaq.
- Azərbaycan cəmiyyətində illərlə övladı olmayan çox ailə süni mayalanmaya hələ də hazır deyil. Mental düşüncələrdən irəli gələrək bunu ayıb sayırlar. Siz bu aillələrlə işləyəndə onlara ilkin tövsiyyələriniz nə olur?
- Əvvəllər Azərbaycanda süni mayalanmaya mentalitet baxımından ailələr çox da hazır deyildilər. Süni mayalanma deyən kimi ağıllarına başqa şey gəlirdi. Spermanın başqa birindən götürüldüyünü, öz toxumu ilə edilmədiyini düşünürdülər. Bunu da ayıb hesab edirdilər. İnsanlar bilməlidirlər ki, bu onların özlərinin toxumları, yumurtalıqları, sperm hüceyrələridir. Xüsusi ilə kişilər çox narahat idi. Amma baxın, tutaq ki, kimsə şübhə edirsə qan analizi verəndə, uşaqla bu analiz tutuşdurulanda o dəqiqə bilinəcək ki, uşağın atasıdır, ya yox. Ona görə narahat olmasınlar. Amma son zamanlar daha çox müşahidə edirəm ki, birinci dəfə süni mayalanmaya gələnlər, ikinci, üçüncü dəfə də gəlir, yaxınlarına bu barədə tövsiyə edir. Düşünürəm ki, zamanla mənfi fikirlər itib gedəcək.
-Ümumdünya Səhiyyə Təşkilatı süni mayalanma zamanı ikidən çox embrionun yerləşdirilməməsini tövsiyə edir. Amma Azərbaycanda çox vaxt süni mayalanama ilə üçəmlərə rast gəlmək olur. Hətta bəzi millət vəkilləri də süni mayalandırma zamanı ikidən çox embrionun yerləşdirilməsinə qadağa qoyulması faktı ilə çıxış etmişdilər. Qanunvericilikdə belə bir müddənın olmamasına baxmayaraq həkimlərdə bundan qaçırlar.Bəs ailə tələb etdikdə nə edirsiniz?
- Hamilə qalmaq üçün artıq sayda embrion köçürmək məcburiyyətindəyik. Çünki ən az 3-4 embrion köçürəndə 60 faiz hamiləlik şansı olur. Amma 1-2 götürəndə bunun şansı 20-30-a düşür. Biz də Azərbaycanda daha əvvəl çox sayda embrion köçürürdük, indi embrion sayı getdikcə azalır. Ən yüksək hamiləlik nisbəti əldə etmək üçün ona çatacaq səviyyədə embrion köçürülməlidir. Bunun da neontoloji xidməti lazımdır, xarici ölkələrdə bu neontoloji xidmət çox bahalıdır. Ona görə də xarici ölkələrdə üçəmləri istəmirlər. Çünki çox sayda neontoloji xidmətə vəsait ayırmağa məcburdurlar. Amma bizdə o qədər də bahalı deyil. Amma üçəmi saxlamaq da çətindir. Dolayısı ilə daha çox bir, ya da iki uşağa fikir veririk. Ailələri də bu istiqamətdə yönləndiririk.
- Sosial şəbəkədə onlarla ailə sizə minnətdarılıq edir. “Göydə Allah, yerdə sizin onlara övlad verdiyinizi” deyirlər. Özü də əksəriyyəti övladlarının şəklini paylaşır. Bəs süni mayalanma da kömək etməyəndə demək olar ki, artıq çıxış yolu qalmadı və bu son idi ?
- Süni mayalnmada ilk cəhd zamanı hər pasient hamilə qala bilmir. Səbəbi, biz ən yüksək səviyyədə yumurta yetişdirsək, embrion əmələ gətirsək belə embrionu uşaqlığın içinə köçürəndə, ola bilər ki, uşaqlıq bunu qəbul etməsin. Uşaqlığın götürüb-götürməyəcəyini, hamiləliyin baş tutub-tutmayacağını əvvəlcədən yoxlaya biləcəyimiz bir analiz də yoxdur. Hazırda belə bir analiz, aparat olmadığı üçün bilinmir. Amma statistikaya əsasən, 100 adamdan 60-da bu elə ilk dəfədən baş verə bilir. Amma ana ola bilməyən 40 nəfərdə ikinci dəfə edəndə, yenə də bunların 60%-i, yəni 24-də tutur. Belə baxanda, 100 adama üç dəfə süni mayalanma edəndə 94-də hamiləlik baş tutur. Məncə yüksək göstərici hesab etmək olar. Və nəhayət 6-7-ci dəfə alınmırsa demək artıq qismətdə yoxdur. Amma bununla da qəti nəsə demək olmaz. Çünki Allahın elə möcüzələri olur ki..... Bizim məqsədimiz maksimum səviyyədə xanımları “əliboş” qayrtarmamaqdır. Onların sevincini mən də bir həkim kimi yaşayıram və hətta deyərdim ki, özümrümün uzandığını görürəm. Yenə də təkrar edirəm bu mənim əsas niyyətimdir: “Uşaq istəyən qucaqlar boş qalmasın, evlər, ailələr körpəsiz olmasın”.