"Müasir İnkişaf" İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan tarixi dərsliklərinin monitorinqi" layihəsinin təqdimatını keçirib. Layihə barədə tədbir iştirakçılarını məlumatlandıran "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı deyib ki, 2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinn gücləndirilməsi sahəsində kompleks tədbirlər" layihəsi çərçivəsində bu sahənin inkişafına istiqamətlənən konsepsiya hazırlayıblar. Müxtəlif qurumlara göndərilən həmin konsepsiyada Azərbaycan tarixi dərslikləri ilə bağlı da qeydlər olub.
Hazırda həyata keçiririlən layihə həmin işin davamı sayıla bilər.
"İctimai Birlik olaraq fəaliyyətimiz boyunca tariximizlə bağlı məsələlərə, onun cəmiyyətimizə, xüsuilə gənclərimizə düzgün çatdırılmasına daim böyük diqqət ayırmışıq".
M.Aşırlı bildirib ki, layihə çərçivəsində orta ümumtəhsil məktəblərində tədris olunan "Azərbaycan tarixi" dərslikləri (5,6,7,8-ci siniflər) araşdırılacaq, onlarda müəyyən edilən hər hansısa çatışmazlıqlar sistemləşdirilərək keçirilən bir neçə tədbirdə müzakirəyə çıxarılacaq.
"Həm ekspertlərin, həm ictimaiyyətin, həm də jurnalistlərin iştirakı ilə keçirilən müzakirlərdə səsləndirilən təkliflər də ümumiləşdirilərək vahid bir sənəd halında müvafiq qurumlara göndəriləcək. Eyni zamand bu məsələlərlə bağlı vaxtaşırı olaraq KİV-in imkanlarından istifadə edərək ictimai rəyin diqqətini bu sahəyə yönəltməyə çalışacağıq".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı layihənin bu gün üsün aktual olduğunu diqqətə çatdırıb.
"Milli mənəvi dəyərlərimizin qorunması, milli kimliyimizin öyrənilməsi baxımından "Azərbaycan tarixi" dərsliklərinin önəmi böyükdür. Bu səbəbdən də onların qüsursuz olması şərtdir".
Tarix dərsliklərimizdəki mövcud problemlərdən danışan A.Aşırlının sözlərinə görə, bəzən tarixi faktlar dərsliklərədə kifayət qədər qəliz ifadə tərzində, orta məktəb şagirdlərinin qavramaqda aciz olduğu bir formada verilir.
"Bu da şagirdlərin Azərbaycan tarixini rahat şəkildə həzm edə bilməsinə mane olur".
Baş redaktor hesab edir ki, İctimai Birliyin həyata keçirdiyi layihədə mütəxəssislərin iştirakı şərtdir.
A.Aşırlı tarix fənnin tədrisi zamanı yeni texnologiyalardan istifadənin də zəruri olduğunu söyləyib.
"Bu şagirdlərimizin dərslərini daha mükəmməl mənimsəmələrinə yardımçı olacaq".
Azərbaycan Jurnalist Qadınlar Asossasiyasının sədri Sevil Yusifova da tarix dərsliklərimizdə müəyyən qüsurların olduğunu deyib: "Bir dəfə Biləcəridə 11 sinifin əlaçı şagirdi ilə söhbət edirdim. O bildirdi ki, indiyə qədər bilmirmiş ki, hansı milli kimliyə sahibik.
Çünki tarixlərimiz o qədər qarışıq yazılıb ki, adam çaş-baş qalıb”.
Modern.az