Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası keçirilir.
Modern.az xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edən alt komitənin sədri Baronessa Dorin Massey müasir dövrdə insanların internetin verdiyi imkanlardan yararlandığını bildirib.
Onun sözlərinə görə, bununla yanaşı valideynlər anlamalıdır ki, bu imkanlar eyni zamanda uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər.
O, bu sahədə dünyada baş verənlərin nümunə olduğunu bildirib. O AŞPA-nın uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verdiyini vurğulayaraq uşaq hüquqları üzrə strategiyanın xüsusi komitə tərəfindən izləndiyini bildirib.
Deputat Sevinc Fətəliyeva isə iclasın Azərbaycanda keçirilməsinin böyük önəm kəsb etdiyini bildirib.
Deputat qeyd edib ki, bu məsələ Azərbaycan xalqının qəlbinə yaxın məsələdir. O, bu sahədə əldə olunan təcrübələrin paylaşılmasının vacibliyini qeyd edib. Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir.
O deyib ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. O Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də uşaqların hüquqlarının pozulduğunu qeyd edib.
“Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.
İclas gün ərzində davam edəcək.
Mirmahmud KAZIMOĞLU