Modern.az

Tütünün tükənməz “töhfələr”i

Tütünün tükənməz “töhfələr”i

Aktual

31 May 2017, 13:23

Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə mübarizə günü elan edib. Əslində siqaretin sağlamlıq üçün nə qədər zərərli olduğunu nəzərə alsaq, tütünlə hər gün mübarizə aparmağın vacibliyini anlayarıq.

 

Birmənalı şəkildə siqaretin insan orqanizmi üçün ziyanını hamımız yaxşı dərk edirik. Ancaq bir az da dərinə getsək və onun ayrı-ayrı orqanlarımıza vurduğu zərbənin nəticələri haqqında düşünsək, yalnız bir qənaətə gələ bilərik: İnsan siqaret vasitəsi ilə özü özünə qəsd edir.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir. 

Siqaret və xarici görünüş:

Siqaret çəkmək insanın xarici görünüşünə mənfi təsir göstərir. O, dişlərin və dırnaqların saralmasına səbəb olur, o cümlədən qırışların sayını artırır. Siqaret çəkən insanın üz dərisi solğun görünür. Siqaret qocalmanı sürətləndirir. Uzun müddət siqaret çəkdikdən sonra damarların əzələləri qıc olmuş halda yığılmağa başlayır, bunun nəticəsində toxumada çoxlu miqdarda çatlar əmələ gəlir. Bu zədələr daha da xoşagəlməz nəticələrə gətirir. Birincisi, qan laxtalarının əmələ gəlməsinə səbəb olur, ikincisi, xırda çapıqlar yaranır və öz-özlüyündə hamar olan damarların daxili səthi nahamarlaşır. Bu nahamarlıq piy zərrəciklərinin yığılmasına kömək edir, öz növbəsində aterosklerozun yaranmasını sürətləndirir. Müqayisə üçün siqaret çəkən və çəkməyən insanların dərisindəki fərqlərə nəzər yetirmək kifayətdir.

 

Siqaret və görmə qabiliyyəti:

 

Siqaretin çəkilməsi korluğa səbəbi ola bilər. Bu əsasən yaşlı siqaret çəkənlərdə göz qişalarının dəyişməsi səbəbindən baş verir.

 

Siqaret və eşitmə qabiliyyəti:

 

Məlum olub ki, ağıreşitmə siqaret çəkən insanlarda digərlərinə nisbətən 1,7 dəfə çox olur.

Siqaret və kişi sağlamlığı:

 

Kişilərdə siqaret çəkmə impotensiya riskini artırır.

 

Siqaret və qadın sağlamlığı:

 

Siqaret çəkmək hamiləlik dövründə vaxtından qabaq doğuş, uşaq doğma qabiliyyətinin azalması kimi bir çox ağırlaşmalara səbəb olur. Siqaret çəkən qadınlar həmçinin menopauzanın daha erkən başlaması ilə rastlaşa bilərlər. Hamilə siqaret çəkən qadınlar çox zaman depressiyadan əziyyət çəkirlər.

 

Siqaret və gərginliklər:

 

Hər dəfə siz siqaret çəkənlər arasında olanda orqaniziminizə nikotin daxil olur. Hətta əgər siz siqaret çəkmək istəməsəniz də, sizin orqaniziminiz artıq nikotinə öyrəşir və bu tələbata çevrilir. Daima nikotinə olan tələbat insanı əsəb gərginliyinin pikində saxlayır.

 

Siqaret və diabet:

 

Əgər sizin diabetiniz varsa və siz siqaret çəkirsinizsə özünüzü risk qarşısında qoymuş olursunuz. Həmçinin göz damarlarının, əl və ayaq damarlarının problemləri ilə də üzləşmək ehtimalınız artır.

 

Siqaret və xərçəng:

 

Siqaret çəkmək ağciyərlər, boğaz və ağız kimi tüstü ilə təmasda olan orqanların xərçənginə səbəb ola bilər. Kimyəvi maddələrin tüstüdən qana daxil olması səbəbindən xərçəng digər orqanlarda da yarana bilər.

 

Siqaret və digər xəstəliklər:

 

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin yaranmasında siqaret çəkmənin rolu böyükdür.

Bronxitin yaranmasının səbəblərindən biri siqaretdir.

Əsasən yaşlı insanların keçirdiyi xroniki ürək-damar xəstəliyi olan ateroskleroz siqaret çəkmənin nəticələrindən biridir.

Beyin qan dövranının pozulması, o cümlədən insultun və psixi pozuntuların əmələ gəlməsində də siqaret öz “fəallığı” ilə birincilər sırasındadır.

Siqaretin insana bəxş etdiyi bu kimi xəstəliklərin siyahısını artırmaq olar.

 

Siqareti atdıqdan sonra orqanizmdə baş verən dəyişikliklər:

- Artıq bir aydan sonra tənəffüs təmizlənəcək və xroniki öskürək narahat etməyəcək;

- Normal yuxu almaq asanlaşacaq. İşləmək qabiliyyəti artacaq. Ümumi tonus əhəmiyyətli dərəcə yüksələcək;

- 3-6 aydan sonra ağciyərlər tütünün yanmasının zəhərli məhsullarından, qətran, tütün tozundan azad olacaq;

- Bir ildən sonra ürək xəstəliyinin yaranma riski 50% azalacaq;

- 5 ildən sonra ağciyərlərin xərçəng xəstəliyinə tutulmaq ehtimalı xeyli azalacaq.

 

Əgər siz sağlamlığınızın qayğısına qalırsınızsa bu gərəksiz vərdişdən, tütünün tükənməz “töhfələr”indən imtina edin. Hər halda sağlam yaşamaq zövqü siqaret çəkmək “həzzindən” qat-qat gözəldir.

 

İlham Cəmiloğlu

 

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj