Modern.az

Cəbhədə müşahidəçilərin sayı artırılıb

Cəbhədə müşahidəçilərin sayı artırılıb

Aktual

31 May 2017, 15:48

Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərinin sayının 7-yə çatdırılması ilə bağlı  razılıq əldə olunub.

 

Bu haqda ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bəyan edib. O, bildirib ki, beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub.

 

“Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur”

 

Məsələ ilə bağlı Modern. az saytı Xarici İşlər Nazirliyi  (XİN) ilə əlaqə saxlayıb.

 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev saytımıza açıqlamasında  təmas xəttində beynəlxalq müşahidəçilərin sayının 7-yə çatdırılmasını belə şərh edib.

 

“Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərin sayının 7-yə çatdırılması məsələsi  prezidentlərin Vyana görüşündə müzakirə olunub. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı olan məsələlər bir növ konstruktiv danışıqların tərkib hissəsi olmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçilərinin sayı 7 nəfərə çatdırılıb. Əsas məsələ Ermənistan qoşunlarının Azərbaycan işğal edilmiş ərazilərindən  çıxarılması olmalıdır”.

 

XİN rəsmisi texniki məsələlərə də aydınlıq gətirib.

 

“Münaqişənin fundamental əsası var. Fundamental əsas da işğal faktıdır. Bizim səylərimiz işğal faktlarının aradan götürülməsinə yönəlməlidir.

 

Prezidentlərin Vyanada, Sank-Peterburqda keçirdikləri substantiv danışıqların da mahiyyətini bu təşkil edir. Texniki məsələlərə gəlincə, bunu deyə bilərəm. Şəxsi heyətin artırılmasına Azərbaycan öz münasibətini bildirib və razılığını verib. Bununla da, onların sayı 7 nəfərə çatdırılıb. Heç bir halda bu, mandatın dəyişilməsi ilə nəticələnə bilməz.

 

Olduqları mandatla fəaliyyət göstərməlidirlər. Əsas hədəf Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına doğru yönəlməlidir”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj