Liviya lideri Müəmmər Qəddafinin vəziyyəti getdikcə ağırlaşır. NATO və Liviya üsyançıları polkovnik Qəddafinin atəşkəsə dair danışıqlara başlamaq təklifini rədd ediblər. NATO bildirib ki, Qəddafinin hökumət qüvvələri mülki əhali üzərinə hücumlarını dayandırmayanadək heç bir danışıqdan söhbət gedə bilməz.
Üsyançılar əsas şəhərləri olan Benqazidə bəyan ediblər ki, polkovnikin bu təklifi də etibarsızdır və əvvəllər işlətdiyi fəndin növbətisidir.
Bundan bir qədər əvvəl Liviya lideri Müəmmər Qəddafi havadan zərbələrin dayandırlması üçün NATO ilə danışıqlara hazır olduğunu bəyan etmişdi.
Bununla belə, özünün 80 dəqiqəlik televiziya çıxışında o vurğulayıb ki, qiyamçıların və Liviya üzərinə hava reydlərini dəstəkləyən ölkələrin tələblərinə uyğun olaraq vəzifəsindən getmək fikrində deyil.
Elə onun danışdığı dəqiqələrdə NATO Tripoliyə, inzibati binalara ən azı üç raket zərbəsi endirib.
Liviya rəsmiləri NATO-nu birbaşa polkovnik Qəddafini vurmağa cəhd etməkdə ittiham edirlər.
Qəddafi isə deyib ki, indi hər bir Liviyalı üçün iki yol qalır: “Ya azadlıq, ya ölüm”.
O deyib ki, təslim olmayacaq, qorxmayacaq və heç yerə getməyəcək.
Ötən gecə NATO qüvvələrinin bombardmanı nəticəsində onun oğlanlarından biri – Saif əl-Ərəb həlak olub. “Reuters” agentliyi Liviya rəsmilərinə istinadən xəbər yayıb ki, bombardman nəticəsində Qəddafinin oğlu ilə yanaşı 3 nəvəsi də həlak olub.
Məlumata görə, hava hücumu zamanı Qəddafinin özü də arvadı və digər ailə üzvləri ilə birgə oğlunun evində imiş. Polkovnikin özü və arvadı hadisə zamanı xəsarət almayıb.
Həlak olan 29 yaşlı Saif əl-Ərəb Qəddafilər ailəsinin kiçik oğlu idi və siyasətdə heç bir rolu yox idi. O, Almaniyada təhsil alan tələbə imiş.
Modern.az