Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində həbs-qətimkan tədbirinin seçilməsilə bağlı verilən apelyasiya şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqovun Modern.az-a verdiyi məlumata görə, hakim Abid Abdullayevin sədrliyilə keçirilən prosesdə apellyasiya şikayəti təmin olunmayıb:
“Daha sonra Gözəl Bayramlının qeydiyyatda olduğu evdə aparılmış axtarış və götürməyə baxıldı. Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən bu prosesdə də şikayət təmin olunmadı.
Əlavə olaraq Gözəl Bayramlının qeydiyyatda olduğu evdə aparılmış axtarış və götürmə ilə bağlı apelyasiya şikayətinə Əflatun Qasımovun sədrliyilə baxıldı. O şikayət də təmin edilmədi. Biz bu şikayətlərdən Avropa Məhkəməsinə müraciət edəcəyik”.
E.Sadıqov bildirib ki, hazırda Gözəl Bayramlı barədə açılmış cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin icraatına verilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumatında bildirilir ki, o, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
"G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Səbail rayon məhkəməsinin qərarına əsasən, G. Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
Gülşən RAUFQIZI