Fondun dörd nümayəndəliyinə başçılıq edənlər arasında tanınmış soyadlar da var
Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü sayır.
Modern.az saytı Fondun beynəlxalq nümayəndəlikləri və onların rəhbərləri barədə topladığı məlumatları oxuculara təqdim edir.
Məlum olub ki, Fondun 4 ölkədə - Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun nümayəndəliklərinin məqsədləri Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək və digər işlərdən ibarətdir.
Heydər Əliyev Fondunun ABŞ-dakı nümayəndəliyinə Cəmilə Seyidzadə-Paşayeva rəhbərlik edir. Fondunun ABŞ-dakı nümayəndəliyi 2008-ci ilin avqust ayında açılıb. Nümayəndəliyin rəhbəri Cəmilə xanım Azərbyacanın ABŞ-dakı keçmiş səfiri, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin (Heydər Fondunun Fondunun prezidenti Mehriban Əliyevanın əmisi) qızıdır. 1050 Connecticut Avenue, NW, Washington, DC 20036, USA ünvanında yerləşən nümayəndəlik Amerikada bir sıra tədbirlər təşkil edib.
Nümayəndəlik Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yardım göstərir, Azərbaycan mədəniyyətinin geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, digər fondlar, QHT-lər, ictimai təşkilatlarla, təhsil müəssisələri ilə əməkdaşlıq edir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinə Leyla Əliyeva rəhbərlik edir. Azərbaycan prezidentinin böyük qızı olan Leyla Azərbaycan əsilli iş adamı Araz Ağalarovun gəlinidir. Həyat yoldaşı Emin Ağalarov Fondun tədbirlərində fəal iştirak edir.
Malıy Qolovin döngəsi, ev 12-də yerləşən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 2007-ci ilin may ayından açılıb. Nümayəndəlik Fondun Azərbaycanda gerçəkləşdirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədə anoloji layihələri Rusiya Federasiyasında həyata keçirir. "Təhsilin dəstəklənməsi" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla liyeva mütəmadi olaraq məktəblərə, uşaq evlərinə səfərlər edir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif xeyriyyəçilik aksiyaları həyata keçirir. Heydər Əliyev Fondu Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində də çox mühüm işlər görür.
Fondun Türkiyə Cumhuriyyətindəki nümayəndəliyi 2008-ci ilin sentyabrında açılıb.
Nümayəndəliyin rəhbəri Samir Cəfərovdur. İstanbulun Şənlikköy məhəlləsi Cumhuriyət prosp. No:1 A Florya ünvanında yerləşən nümayəndəlik Türkiyədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr həyata keçirir, müxtəlif fondlar, QHT-lər, ictimai təşkilatlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olur.
Buxarest şəhəri, Popa Soare küçəsi 39, sektor 2 ünvanıda yerləşən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007-ci il sentyabr ayının 24-də açılıb. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir.
Nümayəndəlik Rumıniyadakı uşaq və ahıllar evlərinə mütəmadi yardımlar göstərir, valideyn qayğısından məhrum uşaqların cəmiyyətə reinteqrasiyasına kömək məqsədi ilə müxtəlif layihələr həyata keçirir. Nümayəndəlik təbii fəlakətdən əziyyət çəkən insanlara da lazımi yardımlar edir. 31 iyul 2008-ci il tarixində Fondun Rumıniyadakı təmsilçiliyi təbii fəlakət nəticəsində Suçeava bölgəsində təbii fəlakətdən zərər çəkmiş əhaliyə zəruri yardım ləvazimatı, ərzaq və tibb preparatları ilə kömək edib.
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi Azərbaycan həqiqətlərinin Rumıniya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif mərasimlər keçirir. 2008-ci ilin 26 fevral tarixində Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyində anma mərasimi keçirilib.Mərasimdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə hazırladığı Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistandakı mədəniyyət sərvətlərimizə həsr olunmuş “Azərbaycana qarşı müharibə: Hədəf mədəniyyət mirasları” adlı film nümayiş etdirilmiş, tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim olunan və Xocalı faciəsinin dəhşətlərini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olublar.
Qeyd edək ki, bu nümayəndəliklərə rəhbərlik edənlər arasında ən fəalı və tanınmışı Leyla Əliyevadır. Digərlri barədə məlumatlar çox azdır.
Modern.az