Modern.az

BAXCP İctimai Palatanı plagiatlıqda ittiham etdi

BAXCP İctimai Palatanı plagiatlıqda ittiham etdi

2 May 2011, 15:37

Elçin Mirzəbəyli: " İctimai Palatanın "Yol xəritəsi" BAXCP-nin hələ 2008-ci ildə hazırladığı "Konstitusiya islahatları" layihəsinin keyfiyyətsiz surətidir"

“İctimai Palatanın ölkədə demokratik dəyişikliklər və köklü islahatlarla bağlı “hazırladığı” və "Yol xəritəsi" adlandırılan sənəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) hələ 2008-ci ildə siyasi partiyaların və parlamentin müzakirəsinə təqdim etdiyi "Konstitusiya islahatları" layihəsinin keyfiyyətsiz surətidir”.

Bu sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib. BAXCP funksionerinin sözlərinə görə, 2008-ci ildə partiyada yaradılmış müvafiq işçi qrupu tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında təkliflər paketi həmin dövrdə ölkənin bütün siyasi partiyalarına təqdim olunub:

"Elə həmin il hazırda İctimai Palataya daxil olan partiyaların da iştirakı ilə Konstitusiya islahatları ilə bağlı hazırladığımız layihənin müzakirəsini keçirdik. Layihə faktiki olaraq, bütün siyasi partiyalar tərəfindən dəstəkləndi və daha sonra Milli Məclisə təqdim olundu. Ötən il keçirilən parlament seçkiləri öncəsi biz "İslahat bloku"na daxil olan partiyaların iştirakı ilə layihə üzərində yenidən iş apardıq. Qanun yaradıcılığının bütün forma və prisiplərinə əsaslanan mükəmməl bir sənəd hazırladıq. Bu sənəd də Azərbaycan ictimaiyyətinə təqdim olundu və müxtəlif kütləvi informasiya vasitələrində yayımlandı".

Elçin Mirzəbəyli hesab edir ki, daha öncə və daha mükəmməl bir şəkildə hazırlanmış sənədin əsas müddəalarının "Yol xəritəsi" adı ilə cəmiyyətə yeni bir layihə kimi təqdim olunması ən azı etik normalara uyğun deyil:

"Azərbaycanda həqiqətən də demokratik təsisatların inkişafının tərəfdarı olduqlarını iddia edən şəxslər başqalarının əməyini mənimsəmək əvəzinə ortalıqda olan konkret sənədi dəstəkləməliydilər. İctimai Palatada təmsil olunan şəxslərin davranışları isə onların gerçəkdən islahat tərəfdarları olduqlarını deyil, "mən də varam" prinsipindən çıxış etdiklərini göstərir. Məhz bu yanaşma tərzi də cəmiyyətdə sivil siyasi münasibətlərin formalaşmasına maneə yaran amillərdən biri kimi qiymətləndirilməlidir".

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?