Ukraynanın Kiyev şəhərində ACCA (Sertifikatlaşdırılmış İmtiyazlı Mühasiblər Assosasiyası) və Ukrainskie İzvestiya qəzetinin təşkilatcılığı ilə keçirilən Beynəlxalq Maliyyə Forumunda Azərbaycanı ACCA-in GOLD statuslu Akkreditə Edilmiş Tədris Mərkəzi GRBS® təmsil edib. Qeyd edək ki, tədbirdə ACCA-in Ukraynadakı rəsmi nümayəndəliyinin nəzarət etdiyi digər ölkələrdən də (Baltikyanı ölkələr (Estonoya, Latviya, Litva), Ukrayna, Belarusiya, Gürcüstan) nümayəndələr iştirak ediblər.
Forum iştirakçı ölkələrin böhrandan sonrakı vəziyyətini təhlil etmək, iqtisadi durumu və inkişaf perspektivlərini müzakirə etmək məqsədilə təşkil edilmişdi.
Bu barədə məlumat verən GRBS® İdarəedici Partnyoru Elşən Rəhimov bildirib ki, forumda müzakirələr üç sessiya çərçivəsində aparılıb: “Birinci sessiyada forumda iştirak edən MDB ölkələrinin iqtisadiyyatında böhrandan sonrakı vəziyyəti, böhranla bağlı təəssüratları və böhranın zərərlərindən çıxış yolları məsələləri müzakirə mövzusu oldu. Müzakirələr zamanı bildirilib ki, Azərbaycan dövlət səviyyəsində həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bir çox ölkələrdən fərqli olaraq böhrandan zərərsiz çıxıb. Belə ki, əgər əksər ölkələr böhrandan sonra tənəzzül dövrü yaşayırsa, Azərbaycanda əksinə iqtisadi artım baş verib. Bu amil forum iştirakçılarının böyük marağına səbəb oldu və onlar bunun necə baş verməsi ilə maraqlanmağa başladılar. İştirakçı dövlətlərin nümayəndələrinə bildirildi ki, buna səbəb ölkəmizdə iqtisadi siyasətin düzgün qurulması olub. Məsələn, Belarusiyanın nümayəndəsi maliyyə böhranının ölkəsinə ciddi ziyan vurduğunu və böhrandan çıxmaq üçün ölkədə düzgün mövqe seçmədiyini bəyan etdi.
Forumun ikinci sessiyası isə informasiya texnologiyalarının biznes və maliyyə sahələrinə göstərdiyi mənfi və müsbət təsirə həsr olunmuşdu. Müzakirələr çərçivəsində maliyyə sahəsində informasiya texnologiyalarının tətbiqinin səhmdara fayda verib verməməsi məsələsi gündəmə gətirildi. İştirakçı dövlətlərin nümayəndələri biznes strukturlarında tətbiq edilən yeni informasiya texnologiyalarının biznesin idarə edilməsində əhəmiyyəti və təsirləri ilə bağlı məqamları müzakirə etdilər”.
E.Rəhimov forumun üçüncü sessiyanın gündəmində isə təhsillə bağlı mövzuların durduğunu deyib: “Daha dəqiq desək, bu sessiyada talantların idarə edilməsi, regionda maliyyə və mühasibatlıq sahəsinin inkişafı, maliyyə mütəxəssislərinin öz peşələrinə yanaşması, maliyyəçilərin bilik səviyyəsinin artırılması, onların qarşılaşdıqları çətinliklər müzakirə olundu. Sonuncu bölüm həmçinin pul və ödənilən məbləğin müqabilində göstərilən xidmətin səviyyəsinə həsr olunmuşdu. Bu bölümdə ACCA-in digər ölkələrdən daha yüksək statuslu (Platinum Statuslu) tədris partyorlarının olmasına baxmayaraq, iştirakçı kimi GRBS® (ACCA-in Gold Statuslu üzvü) dəvət etməsi təsadüfi deyildi. Belə ki, dəfələrlə GRBS®-in fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə qonaq olan Qafqaz ölkələri regionu üzrə ACCA nümayəndəliyinin rəhbəri Nataliya Vovçuk təhsil sahəsində GRBS® tərəfindən görülən işlərdən məmnun qaldığını bildirib. O, yerindəcə fəaliyyətimizlə tanış olandan sonra, GRBS®- in əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini bildirdi.
N. Vovçuk GRBS®-də təhsil layihələrinin region üzrə ən yüksək səviyyədə olduğunu, ACCA-in Akkreditə Edilmiş Tədris Partnyorları arasında Platinum Statusa layiq görülənlərin olmasına baxmayaraq, GRBS® -də bu sahədə görülən işlərin daha uğurlu olduğunu deyib. Bu barədə N. Vovçuk forum iştirakçılarına da məlumat verdi. Qeyd etmək istəyirəm ki, bu uğurlara səbəb GRBS®-in təhsilə fərdi yanaşmasıdır. Belə ki, əgər digər təhsil müəssisələri tədrisə pul qazanma mənbəyi kimi baxırsa, biz bu sahəyə idarəetmə strukturu kimi yanaşırıq. Buna nümunə olaraq deyə bilərəm ki, GRBS®-də dünyada mövcud olan ən son idarəetmə texnologiyaları və keyfiyyətli idarəetmə standartları (ISO 9001:2008) tətbiq edilib. GRBS® təhsilin keyfiyyətli tədrisi üçün müəllimlərin bilik səviyyəsinə də böyük önəm verilir. Bizim üçün tədris və digər xidmətlərin beynəlxalq standartlara uyğun təşkili də çox önəmlidir və bu istiqamətdə GRBS®-də çox saylı layihələr həyata keçirilib. Forum iştirakçılarına bu layihələrdən biri olan mühasiblərin peşə biliklərinin artırılmasında tətbiq edilən yeniliklər haqda məlumat verildi. Bildirildi ki, GRBS®-də mühasiblər üçün təşkil edilən hazırlıq kurslarında ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində dərsliklər hazırlanıb. Bununla yanası hazırda mühasiblər üçün elektron dərsliklərin hazırlanması istiqamətində işlər görülür. Bu dərsliklər hazır olandan sonra, internet vasitəsilə onlayn rejimdə xidmətlər təklif olunacaq.
Son olaraq qeyd edim ki, Kiyevdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirdə dünyada yüz ildən artıq tanınan şirkətlərlə yanaşı GRBS®-in də dəvət alması bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Mail Ağaxanov