2011-ci ilin əvvəlindən bu günə qədər İkinci Dünya Müharibəsinin iştirakcısı olan 2800 erməni veteranına SSRİ bankında qalmış əmanətləri qaytarılıb. Modern.az “Panarmenian”-a istinadən bildirir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər üzrə Nazirliyin şöbə rəisi Armen Markaryan bildirib. Onun sözlərinə görə, əmanətlərin qaytarılması ilə bağlı ümumi məbləğ 600 milyon dram olub.
Nazirliyin nümayəndəsi qeyd edib ki, əmanətlərin qaytarılması ilə bağlı proqram davam edəcək. Qeyd edək ki, Ermənistan 2010-cu ildə Böyük Vətən Müharibəsi veteranlarına növbədənkənar qaydada əmanətlərin qaytarılması barədə qərar qəbul edib.
Qeyd edək ki, digər MDB respublikarında, o cümlədən Qazaxıstan və Rusiyada, eləcə də Pribaltika ölkələrində sovet dövründə vətəndaşların banklarda batmış əmanətləri qaytarılıb.
Azərbaycanda isə bu prosesə nə zaman başlanılacağı məlum deyil. Hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildən öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
Modern.az