Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.
Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan regiondakı vəziyyəti müzakirə edib.
Məlumata görə, prezidentlər telefon danışığı zamanı Qətər ətrafında vəziyyəti müzakirə ediblər: Dövlət başçıları Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar.
Söhbət zamanı həmçinin vurğulanıb ki, Yaxın Şərqdə yaşanan kəskin böhranın aradan qaldırılması və terror təhdidləri ilə mübarizə beynəlxalq ictimaiyyət sıx təmas və əlaqələndirmə tələb edir.
Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.
Modern.az