Ombudsman Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin işğal günləri ilə bağlı bəyanat yayıb. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib:
- Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zaman-zaman zəbt olunması əvvəllər rus çarizminin, daha sonralar isə keçmiş sovet imperiyasının yürütdüyü şovinizm siyasətinin, erməni vandalizminin çirkin oyunlarına dəstək verməsinin nəticəsi idi. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin və digər yaxın ərazilərinin ötən əsrin sonlarında işğalında da məhz bu mənfur siyasət mühüm amil olmuşdur.
Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuş, 4.500 nəfər itkin düşmüş, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülmüş, amansız işgəncələrə məruz qalmış, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, 1000-dək yaşayış məntəqəsi dağıdılmışdır.
Strateji əhəmiyyətli torpaqlarımızın qəsb olunmasına daha çox üstünlük verən erməni silahlı ordusu ilk növbədə Ermənistanla Dağlıq Qarabağı ayıran Şuşa, Laçın və Kəlbəcəri heç də əbəs yerə hədəf seçməmişdi.
Bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən çox mühüm strateji əhəmiyyəti olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi sayılan, əhalisinin 92 faizini azərbaycanlılar təşkil edən Şuşa şəhərinin, habelə Laçın rayonunun işğalından on doqquz il keçir.
8 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşamışdır. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olmuşdur.
Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmuş, Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, 18 may 1992-ci il tarixdə Laçını işğal etmiş, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçirmişlər.
Qeyd olunmalıdır ki, Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid, 105 nəfər əlil olmuş, 66 nəfər girov götürülmüşdür. 60 mindən artıq laçınlı soydaşımız ölkəmizin 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşamaqdadır. Bu rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 101 məktəb, o cümlədən məktəbəqədər və peşə təhsili müəssisələri, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılmışdır.
1993-cü il aprelin 2-də isə coğrafi mövqeyinə görə Ermənistan və Dağlıq Qarabağ arasında sədd olan, sahəsi 174 min hektara çatan, 52 min nəfər əhalinin yaşadığı, təbii sərvətlərlə zəngin Kəlbəcər rayonu düşmən qüvvələri tərəfindən işğal edilmişdir. Kəlbəcərin süqutu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə, ermənilərin sonrakı işğalçılıq planlarının həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın, ümumən 17 min kvadratkilometr ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına şərait yaratmışdır.
Bu təcavüzün faciəli nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Ermənistanda Azərbaycana qarşı həyata keçirilən terror və soyqırımı siyasəti tariximizə, mədəni, dini abidələrimizə və digər milli dəyərlərimizə ağır zərbələr vurmuş,çoxsaylı toponimlərimizi dəyişdirmişlər.
Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilmişdir. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməmiş, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq nümunələrini və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran etmişlər.
Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, Şuşa şəhəri ətrafındakı bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına daha bir saymazyana münasibət nümayiş etdirirlər.
Ermənistan Respublikası beynəlxalq sənədlərdə təsbit olunmuş müddəaları kobudcasına pozaraq, bütün dünyanın gözü qarşısında Azərbaycanın bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli 100.000-dən artıq mədəniyyət nümunəsi yararsız hala salınmış və qəsb edilmiş, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılmışdır.
Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini ardıcıl və sistemli şəkildə mənimsəməklə, əslində işğalçılıq müharibəsini həm də mədəni sərvətlər müstəvisində genişləndirirlər. Ermənilər Azərbaycan bəstəkarlarının musiqi əsərlərini, xalq mahnı və rəqslərimizi, digər mədəni irs nümunələrimizi də özününküləşdirirlər. Bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə müraciət olunmuşdur.
Təəssüf ki, Ermənistanın yürütdüyü bu işğalçılıq və terrorçuluq siyasəti uzun illərdən bəri dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün, suverenliyin pozulması yolverilməzdir.
Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilmişdir. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etmir.
Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət hazırda tamamilə dəyişmişdir. Bu isə tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllini, erməni işğalçılarının torpaqlarımızdan çıxarılmasını mümkün edəcəkdir. Artıq dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunub və bu ərazi bütövlüyünün bərpasını dəstəkləyir.
Estoniyanın keçmiş xarici işlər naziri, xanım Kristina Ojuland 6 aprel 2011-ci il tarixdə Avropa Parlamentində çıxış edərək, Dağlıq Qarabağın 20 il əvvəl ermənilər tərəfindən işğal olunmasına diqqəti çəkmiş, Avropa Parlamentindən Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin olması faktına hörmətlə yanaşmağı xahiş etmişdir. O bildirmişdir ki, “bu fakt Avropa Parlamenti, Avropa Şurası və Avropa Komissiyasının hər bir təşəbbüsündə əksini tapmalıdır, yalnız ərazi bütövlüyü prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanınandan sonra, Cənubi Qafqazda dondurulmuş münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə, sülhə və sabitliyə nail olmaq mümkündür.
ABŞ-dakı Azərbaycan diasporu bu günlərdə Şuşa kampaniyası keçirir. Artıq dördüncü ildir ki, bu kampaniya çərçivəsində seçkili rəsmilərə yüzlərlə məktub göndərərək Şuşanın ermənilər tərəfindən işğalı və Azərbaycanın zəbt olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti barədə məlumat verirlər. ABŞ-da yaşayan 400 min və bütün dünyadakı 50 milyonadək azərbaycanlı adından BMT-yə müraciətlə bu qurumun Təhlükəsizlik Şurasının Ermənistanın bu günədək məhəl qoymadığı məlum qətnamələrinin həyata keçirilməsi üçün ciddi addımlar atmaq tələb olunur. Merilend ştatından olan demokrat senator Barbara A. Mikulski cavab məktubunda Azərbaycan diasporunun BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı çağırışını yüksək qiymətləndirmişdir.
On doqquz illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, işğal olunmuş bütün ərazilərimizin əhalisi kimi, şuşalılar, laçınlılar və kəlbəcərlilər də qürurlarını hər zaman qoruyub saxlayır və inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına, Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün yurd yerlərimiz düşmən tapdağından azad ediləcəkdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bəyan edirəm ki, Ermənistan Respublikası və erməni millətçiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarının işğalı, tarixi və mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.
Dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların hüquqlarının bərpa ediləcəyinə inanırıq.
Erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həyata keçirilməli, monoetnik dövlətə çevrilmiş Ermənistan işğalçı, təcavüzkar etnik təmizləmə siyasətindən, ərazi iddialarından əl çəkərək, qəbul edilmiş mühüm sənədlərin müddəalarını yerinə yetirməli, ölkəmizin ərazi bütövlüyü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir.