Bu gün Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və digər rəsmilər “Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı”nın hazırlanması ilə bağlı ictimai müzakirələr məqsədi ilə gənclərlə görüş keçiriblər.
Jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov Dövlət Proqramı ilə bağlı irəli sürülən təkliflər sırasında Azərbaycan Gənclər Mərkəzinin və Gənclər Fondunun yaradılması mütərəqqi hesab oluna bilər:
“İnanırıq ki, qeyd etdiyim qurumların yaradılması ilə bağlı təkliflər proqrama salınacaq. Məsələn, Gənclər Fondunun əsas məqsədi bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin layihələrin maliyyələşdirilməsidir”.
Proqramda gənclərin sosial problemlərinin həllinə də yer ayrıldığını deyən A. Rəhimov qeyd edib ki, bu proqramın konkret istiqamətlər üzrə formalaşdırılması nəzərdə tutulur: “Gənclərin mənzillə təmin olunmasına gəldikdə deyə bilərəm ki, ölkədə sosial ipoteka fəaliyyətdədir. Əlbəttə bu sosial ipotekanın daha geniş və güzəştli olmasını istərik”.
Daha sonra müzakirələrə start verilib. İctimai müzakirələr əsasən 5 mövzu ətrafında aparılıb. Bunlar gənclərin sosial müdafiəsi və sağlamlığı, gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, elm, təhsil və gənclərin yaradıcılıq potensialının inkişafı və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətində iştirakı, beynəlxalıq əməkdaşlıq və mübadilə mövzularıdır. Müzakirələr nəticəsində gənclərin təklifləri irəli sürülüb.
Bu təkliflər sırasında Qarabağ münaqişəsi ilə bağlı müxtəlif ölkələrdə forumların təşkili, müxtəlif ölkələrin internet domenlərində Qarabağ saytlarının açılması, məktəblilərin hərbi hissələrə aparılması, professional zabitlərin onlara dərs demələri, internat məktəblərinin məzunlarının faizsiz ipoteka yolu ilə mənzil almaları, internat məktəblərində karyera mərkəzlərinin yaradılması, regionlarda biznes mərkəzlərinin inkişafı, ixtisas seçimi ilə bağlı kadrların buraxılması, orta və ali ixtisas məktəblərinin biznes qurumları ilə əlaqəsi və digərləri səsləndirilib.
İctimai müzakirələr əsnasında İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr də Skype vasitəsi ilə öz təkliflərini irəli sürüblər.
Modern.az