Bu gün Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
Mərhum Natiq Əliyev 1994-cü ildə Dövlət Neft Şirkətinin prezidenti olub.
Həmin il imzalanan “Əsrin müqaviləsi”ndə iştirak edənlər arasında Azərbaycan prezidentinin sabiq köməkçisi (Heydər Əliyev administrasiyasında) Eldar Namazov Modern.az-a açıqlamasında mərhum Natiq Əliyevin neft sahəsindəki xidmətlərindən söz açıb.
“Allah Natiq Əliyevə rəhmət eləsin. Onun yaxınlarına, ailəsinə başsağlığı verirəm. Dəyərli insan idi. Natiq Əliyev neft kontraktlarının üzərində çalışan insan idi. Çox peşəkar və işinin öhdəsindən gəlməyi bacaran şəxs olub. Neft sahəsində təcrübəsi olan insanlarla ünsiyyət qurmağı çox yaxşı bacarırdı. O, neft şirkətinin rəhbəri kimi hər zaman öz yerində idi. Həm 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında, həm imzalanmasında həm də ardıcıl olaraq sonrakı neft layihələrinin həyata keçirilməsində Natiq müəllimin böyük xidmətləri və zəhməti olub.
Həmçinin, hasil olunan neftin dünya bazarına çıxarılması ilə bağlı yeni layihələr üzərində işlər aparılmışdı. Bakı-Ceyhan neft kəməri işlənildi. 1994-cü ildə neft kontraktı imzalansa da, müəyyən dəyişikliklər olurdu. Hansısa yeni şirkətlər ordan pay alırdılar. İllər boyu bu layihələr təkmilləşdirilirdi. Bütün bu işlərin həyata keçirilməsində Natiq Əliyevin çox böyük xidmətləri olub”
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
Namidə BİNGÖL