Modern.az

Böyük dövlətlər kiçik dövlətlərdən “haqq” alır

Böyük dövlətlər kiçik dövlətlərdən “haqq” alır

9 İyun 2017, 13:25

Bir sıra hallarda böyük dövlətlər beynəlxalq aləmdə yaşanan problemləri hüquq norma və prinsipləri ilə deyil, açıq-aydın güc tətbiqi ilə həll etməyə çalışırlar. Təbii ki, öz maraqları çərçivəsində. Hətta bəzi ölkələrə müəyyən sanksiyalar tətbiq edir, təzminat ödətdirirlər.
Yəni kiçik dövlətin ərazisini zəbt edən böyük güclər onu özündən asılı vəziyyətə salmaqla yanaşı, sərvətlərini talan edir, var-dövlətini mənimsəməyə çalışır. Yaxın Şərqdə, Asiyada yaşananlar buna nümunə göstərilə bilər...


Böyük dövlətlər dolayısı ilə bir çox hallarda kiçik dövlətləri qorxutmaqla ondan “haqq-hesab” tələb edirlər.

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da Modern.az-ın əməkdaşı ilə söhbətdə bu məsələdən danışıb.

Deputat bildirib ki, adətən böyük dövlətlərin kiçik dövlətləri qorxudub “haqq-hesab” istəməsi tarixdən də məlumdur:

“Son əsrin tarixində yaranmış yeni imperiyalar digər mərkəzləri özlərinə tabe etdikdən sonra həmin  subyektlərdən böyük  bac-xərac alırdılar. Həmçinin, bunu öhdəliyə çevirirdilər. Uzun zaman ərzində bu təzminatlar böyük dövlətlərə verilirdi. Bunun qalıqları sonrakı dövrlərdə  hüquq sisteminə gətirildi və indi də ayrı-ayrı ərazilərdə həyata keçirilməkdədir. Məsələn, Andora adlı kiçik bir dövlət var və onun İspaniya ilə münasibətlərdə “haqq” ödəməsi hazırki dövrə qədər gəlib çıxıb”.


Z.Oruc deyib ki, qlobal siyasətdə güclü dövlətlərin müxtəlif araziləri ələ keçirməsi, təsir zonalarını genişləndirməsi və bunun nəticəsində öz mənafeləri üçün müqavilələr, xüsusilə də hərbi sahədə sazişlər bağlaması bu tendensiyanın hazırki dövrə olan olan hissəsidir.

“Hətta bu tendensiya geniş yayılıb. ABŞ prezidenti Donald Trampın ilk səfərini Səudiyyə Ərəbistanından başlamasının da içərisində onun Səudiyyə Ərəbistanından “haqq alması” məqamlarını axtaranlar çoxdur. 110 milyard dollar dəyərində hərbi müqavilə, bunun 300 milyarda qədər qaldırılmasının öhdəliyinin imzalanması, həmçinin ərəb dünyasındakı son gərginliyin də içərisində bu cür təzminat davalarının aparılması haqqında versiyalar mövcuddur.  Bildiyimiz kimi, ABŞ-ın ümumi borcu 19 trilyon dollardan artıqdır. Tramp da seçki dönəmində bu vəsaiti başqalarının hesabına həyata keçirəcəyi haqqında fikir bildirmişdi”.


Deputat qeyd edib ki, bağlı qapılar arxasında bir sıra hallarda dövlətlərin “haqq alması”na heç bir şübhə yoxdur.


“Tarixin bu mirası müasir dünya siyasətinin geopolitikasının ayrılmaz hissəsidir. Bu, ləğv olunmayıb. Hazırda dünya siyasəti hərbi, maliyyə, bank, kirli əlaqələr üzərində indekslənib. Bəzi böyük dövlətlərin kiçik dövlətlərdən”haqq” alması müxtəlif iqtisadi əlaqələr adı altında gizlədilib”.


Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?