Prezident İlham Əliyev 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500, 0 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq döş nişanı təltif edilmiş şəxslərə habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etməlidir.
Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasının təmin etməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Modern.az