Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Unudulan və unudulmaqda olan milli adət-ənənələrimizin dirçəldilməsi” layihəsi çərçivəsində regionlarda ilk dəyirmi masasını keçirib. Quba rayon Mədəniyyət və Turizm İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Oxu zalı"nda ictimaiyyət nümayəndələri ilə görüşən ADİİM sədri Cavid Şahverdiyev ötən il də belə bir layihə gerçəkləşdirdiklərini və indi onu davamı etdirdiklərini söyləyib. C.Şahverdiyev qeyd edib ki, ötən il həyata keçirilən layihənin mövzusu milli bayramlarımız idisə, bu dəfə milli toylarımız, orada ifa edilən rəqs və mahnılar, toy süfrəsinin “müasirləşməsi” və “avropalaşması” səbəbləri araşdırılacaq, belə neqativ halların aradan qaldırılması yolları müzakirə ediləcək.
ADİİM sədri Azərbaycanın bugünkü toylarının milli adət-ənənələrə uyğun keçirilmədiyini vurğulayaraq bu mövzunun hər zaman aktual olduğunu qeyd edib. Onun sözlərinə gorə xalqımız dəyərli və tarixi keçmişini qoruyub saxlamaq və bunu gələcək nəsillərə ötürmək istəyirsə, mütləq milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalı və onu yadlaşdırmamalıdır. Daha sonra layihənin eksperti AMEA-nın Folklor İnstitutunun elmi işçisi Elçin Qaliboğlu Azərbaycan toylarının "avropalaşması"nın səbəblərini izah edərək qeyd edib ki, avropasayağı keçirilən toylar ilk baxışdan nə qədər təmtaraqlı təsir bağışlasa da, bu, milli şüurumuzun yadlaşmasına, milli dəyərlərimizdən uzaqlaşmağımıza xidmət edir.
Tədbirdə iştirak edən rayon Mədəniyyət və Turizm İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov və digər mədəniyyət işçiləri toylarımızın bugünki təşkilindən narazılıqlarını bildiriblər. Onlar parlamentdə "Toy və yas mərasimləri haqqında" qanun layihəsinin qəbulunun və müasir toylarımızın keçirilməsinə dövlət nəzarətinin vacibliyinin vurğulayıblar.
Tədbir iştirakçılarının fikrincə milli toylarımızın "müasirləşməsinin" birbaşa günahkarı elə özümüz olsaq da, bu məsələ qanuniləşdirilməsə, daha böyük faciələrə gətirib çıxara bilər. Onlar Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edən belə layihələri maliyyələşdirdiyini yüksək dəyərləndiriblər. Fikir mübadiləsi və müzakirələrdən sonra tədbirin sonunda iştirakçilara layihə çərçivəsində nəşr olunan bukiletlər paylanılıb.
Mail Ağaxanov