Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Qızıl Aypara Cəmiyyəti və universitetin Mülki müdafiə kafedrasının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Bu haqda Modern.az saytına universitetin mətbuat xidmətindən məlumat verilib.
Aksiyada ADU-nun tələbə-müəllim heyəti fəal iştirak edib. Saat 12-yə olan məlumata görə, aksiyada 34 nəfər iştirak edib və 6 litr 800 qram qan toplanıb. Aksiya zamanı yığılacaq qan ehtiyatı Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək. Davam edən aksiyada iştirak edən tələbələr xəstə, həmçinin ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarına görə fəxr etdiklərini bildiriblər. Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Analoji aksiya Azərbaycan Dövlət Pedaqoji Universitetində də keçirilib. Aksiya zamanı 172 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Modern.az