Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) aprel ayında regional və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ərəb ölkələrində cərəyan edən hadisələrdən danışıb. Qeyd edib ki, zaman keçdikcə ərəb ölkələrində baş verən inqilabların əhəmiyyəti azalır. Onun sözlərinə görə, buna səbəb inqilab dalğasının digər ölkələrin ərazilərinə keçməməsidir.
Aprel ayında dünyada baş verən mühüm hadisələri təhlil edən politoloq əvvəlcə İrandakı mövcud siyasi vəziyyəti qiymətləndirib. SİTM sədri deyib ki, İranın ali dini liderinin prezidentlik vərdişlərinin özünü göstərməsi bu ölkə üçün yaxşı perspektiv vəd etmir: “Prezident M.Əhmədinecatla ali dini liderin arasında hamının diqqətini cəlb edə biləcək səviyyəli qarşıdurma baş verdi. Ümumilikdə, ölkədə yeyinti məhsullarının qiymətləri qalxır, əhalinin hakimiyyətdən narazılığı artır. Bunu görən İran hakimiyyəti Bəhreyndə və digər ərəb ölkələrindəki prosesləri dəstəkləmək istəyən kütləyə bir yerə toplaşmağa imkan vermir. Özü isə Bəhreyndəki proseslərdə informasiya dəstəkçisi rolundan başqa bir rol oynaya bilmir”.
Ekspert bildirib ki, son vaxtlar İran öz xarici siyasətini Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət üzərində qurub: “İran çalışır ki, ərəb ölkələrində olduğu kimi Azərbaycanda da xaos yaransın”.
Mərkəz rəhbəri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib. O, bildirib ki, son vaxtlar Ermənistanda hərbi imiclə bağlı məsələlər aktuallaşıb: “Ermənistan hərbi texnologiyalara informasiya texnologiyalarını tətbiq etməklə ordusunun gücünü artırır. Ermənistan İT kompaniyalarının belə bir layihəni reallaşdırmağa imkanları var. Hətta İT kampaniyalar yeni tipli silahlar da yarada bilərlər. Bu arada Rusiya Quru Qoşunları komandanı Postnikov ay ərzində iki dəfə Ermənistanda oldu. Gümrüdəki 102-ci hərbi baza bir neçə hərbi təlim keçirdi. Hərbi təlimlərə cəlb edilmiş kontingentin tərkibində və sayında ciddi dəyişikliklər olmuşdur. Bu isə Ermənistanın sürətlə müharibəyə hazırlaşdığını söyləməyə əsas verir. Hadisələrin inkişafı tərəflər arasında müharibənin qaçılmaz olduğunu göstərir”.
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan hərbçilərinin üç erməni hərbçisini öldürməsi, birini isə yaralaması Ermənistanda baş verən hərbi aktivliyə cavab kimi qiymətləndirilə bilinər: “Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr cəbhə xətti üzərində manevrlər etdilər. Nəticədə Ermənistan mediasında informasiya fonu dəyişdi: hərbçilərin ölümü Ermənistan rəhbərliyində ciddi narahatçılıq yaratdı; HHM sisteminin vəziyyəti Ermənistanın yüksəkçinli dövlət məmurlarının iştirakı ilə müzakirə edildi. Mətbuata "yüksək səviyyəli HHM sistemi" haqqında heç nə deyilmədi; ER müdafiə naziri S.Ohanyanın istefası barədə xəbərlər meydana çıxdı; ER prezidenti S.Sərkisyanın "ölüm" xəbəri də bu ərəfədə gəldi”.
Sonda SİTM sədri deyib ki, Ermənistanın hərbi imici dağıdılmalıdır. Onun fikrincə, bunun üçün Azərbaycan ordusu qoşunların təmas xəttində hərbi aktivliyini daha da artıra, yeni hərbi texnologiyalar tətbiq edə bilər: “Hərbi diplomatiya gücləndiriləcəkdir. İqtisadi və siyasi müstəvilərdə Azərbaycana məğlubiyyəti ilə barışmış Ermənistan hərbi sahədə sıçrayış etmək niyyətindədir. Ermənistanın Xruşşovvari “çatmaq, ötüb keçmək” siyasəti bu sahədə də işləməyəcək. Məlum siyasətin SSRİ-ni dağıtdığını nəzərə alsaq, Ermənistanın sonu barədə ehtimallar irəli sürmək olar”.
Mail Ağaxanov