“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Bu barədə Modern.az-a danışan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib ki, supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürəcəklər:
“Sumqayıtda uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərdə supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürüləcək. Hazırda əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır”.
İ.Abdullayev qeyd edib ki, hazırda suda heç bir problem yoxdur:
“Suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir. Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub”.
Nazirlik rəsmisinin bildirdiyinə görə, vəziyyətin nəzarətdə saxlanması üçün müayinələr qarşıdakı günlərdə davam etdiriləcək.
Gülşən RAUFQIZI