Bu gün Qarabağın Azərbaycan İcmasının və Şuşa rayon İcra Hakimiyyətinin binasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin 1992-ci ilin may ayının 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işgal olunmuş, Qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhəri haqqında hazırladığı “Dağıdılmış Mədəniyyət Beşiyi-Şuşa» sənədli filminin təqdimatı keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov təqdim olunan filmdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın Azərbaycan, Şərq və dünya mədəniyyətinə verdiyi töhfələr, rus imperiyası tərəfindən Qarabağın erməniləşdirilməsi siyasəti, Ermənistanın işğalı zamanı Şuşada törədilən vandalizm hərəkətləri, Azərbaycana məxsus mədəni, tarixi, dini abidələrin və qəbiristanlıqların dağıdılması halları, faktlar, sənədlər, görüntülərin əksini tapdığını bildirib.
Bundan əlavə Ermənistanın bu tarixi şəhəri işğal edərək bütün şuşalıların fundamental insan haqlarını tapdalayaraq onları məcburi köçkün vəziyyətinə salması, həmçinin Ermənistan silahlı qüvvələrinin hətta dünya musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşudbanu Natavanın heykəllərini gülləbaran etmələri kimi insanlığa sığmayan hərəkətləri də filmdə öz əksini tapıb.
Filmin redaktoru Kəmalə Paşayeva bildirib ki, filmin xarici dillərə çevrilməsi üzərində iş gedir. Mayın 8-də Türkiyənin paytaxtı Ankarada və Gürcüstanda sənədli filmin təqdimatı keçiriləcək.
Sonra filmin baş məsləhətçisi Qənirə Paşayeva çıxış edib. Deyib ki, “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” sənədli filminin hazırlanmasında əsas məqsəd ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpağlarımıza, Azərbaycanın qədim mədəniyyət beşiyi, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinə misilsiz töfhələr verən qədim Şuşanın Ermənistan tərəfindən soyqırma məruz qalması, təkcə insanların deyil, tarixi, mədəni, dini, abidələrin qəddarcəsinə, vəhşicəsinə soyqırıma məruz qalması məsələsini dünya ictimayətinə daha geniş çatdırmaqdır.
Filmdə heykəlləri və abidələri dağıdılmış böyük korifeylərin ailə üzvlərinin fikirləri öz əksini tapıb. Eyni zamanda 20-ci əsrin əvvəllərində də ermənilərin Azərbaycanın bir sıra digər bölgələrində olduğu kimi Şuşada da soyqırım törətməsinə dair tarixə qısa ekskursiya məlumat olaraq verilib.
Sənədli filmi Azərbaycanda nümayiş etdirilməklə yanaşı, xaricdə yaşayan soydaşlarımız arasında da geniş nümayiş etdirilməsi nəzərdə tutulur. Sənədli filmin ingilis dili variantı da hazırlanır və yaxın vaxtlarda dünyanın bəzi şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin müxtəlif dillərə çevrilməsi üzərində də iş gedir. May ayının 8-də «Dağıdılmış mədəniyyət beşiyi-Şuşa» sənədli filminin Türkiyənin paytaxtı Ankara şəhərində və Gürcüstanda təqdimatı olacaq.
Qeyd edək ki, filmin baş məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar Məmmədov, ssenari müəllifi Billur Cavadqızı, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru, millət vəkili Musa Qasımlıdır.
Sənədli film Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Mail Ağaxanov