Son günlər ABŞ Konqresində prezident Donald Trampın impiçment edilməsi məsələsi əsas müzakirə obyektlərindən biridir. Bu barədə ABŞ konqresmeni və xarici münasibətlər komissiyasının üzvü Bred Şerman bildirib. Digər tərəfdən Kolumbiya federal dairəsinin və Merilend ştatının prokurorları prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldıracaq. Səbəb isə Trampın antikorrupsiya ilə bağlı Konstitusiya müddəalarını pozmasıdır.
Maraqlıdır, bütün bu hadisələrin fonunda Donald Tramp 4 il müddətində prezidentlik postunu qoruya biləcəkmi?
ABŞ-dakı Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev bununla bağlı proqnozlarını Modern.az saytı ilə bölüşüb. O bildirib ki, Trampın impiçmentlə üzləşməsi qaçılmazdır:
“Donald Tramp hələ and içərək Ağ Evə köçməmişdən əvvəl onun 4 il müddətində prezident kimi qala bilməyəcəyini proqnozlaşdıran ekspertlər olmuşdu. İstər Trampın vergi keçmişini açıqlaması, istər onun müxtəlif məsələlərdə özəl maraqları ilə dövlət maraqlarının toqquşması, istərsə də Trampın özünün və komandasındakı şəxslərin Rusiya ilə qaranlıq əlaqələrinin olması prezidentin istənilən məqamda impiçmentlə üzləşməsi ilə nəticələnə bilər.
Son günlər ABŞ və bütün dünya Tramp ilə keçmiş Federal Təhqiqatlar Bürosu rəhbəri Komey arasındakı görüşləri müzakirə edir. Komey ABŞ Senatında aparılan Rusiya araşdırması çərçivəsində dinləmələrdə şahid kimi çıxış edərkən, Trampın ondan müşaviri Flinnin Rusiya ilə əlaqələri barədə araşdırmanı dayandırmağı xahiş etdiyini bildirdi. Bu isə ABŞ prezidentinin ədalət mühakiməsinə təsir göstərmə cəhdi, müstəqil bir qurumun rəhbərinə təzyiq kimi qiymətləndirilir. Hələ ki Komeyin iddialarını təsdiq edən sübut yoxdur, çünki görüş qapalı keçirilib. Tramp isə deyir ki, görüşün gizli səs yazısı var. Komey bu səs yazılarının üzə çıxarılması ilə bağlı çağırış etdi. Əgər səs yazıları üzə çıxmasa, deməli, ya Tramp səs yazısının olması ilə bağlı yalan danışır, yaxud doğrudan da görüş zamanı Komeydən Rusiya ilə bağlı araşdırmaları dayandırmağı xahiş edib”.
B.Hacıyev həmçinin Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsindən də söz açıb:
“Rusiyanın 2016-cı il ABŞ-dakı prezidenti seçkiləri zamanı prosesə müdaxiləsi isə ABŞ-ın bütün nüfuzlu kəşfiyyat qurumları tərəfindən öz təsdiqini tapıb. Rusiya hakerləri Hillari Klintonun seçilməsinin qarşısının alınması və Trampın seçilməsi istiqamətində ABŞ-a kiberhücumlar təşkil ediblər. ABŞ-lı rəsmilər və kəşfiyyat ekspertləri isə inanır ki, Rusiyadan bu miqyasda təşkil olunmuş böyük haker hücumu Kremlin razılığı olmadan həyata keçirilə bilməz.
İndi əsas məsələ odur ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etmək üçün haker hücumları təşkil edir, ABŞ prezidenti isə bu araşdırmanı, öz administrasiyasındakı şəxslərin Rusiya ilə əlaqələrinin araşdırılmasının qarşısını almağa çalışır və hətta bunun üçün FTB rəhbərini işdən çıxarırsa, bu, ABŞ-ın təhlükəsizliyinə zərbədir. Senatdakı Rusiya araşdırma qrupu bu istiqamətdə hər hansı bir sübut əldə etsə, Trampın impiçmentlə üzləşməsi gündəmə gələ bilər”.
Günay RƏSULQIZI