“Bursaspor” – AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir. Modern.az APA-ya istinadən xəbər verir ki, gözlənildiyi kimi xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.
Bu gün meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturan baş məşqçi “Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə təklif edilsə də, mütəxəssis bundan imtina edib.
Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik anlaşmaya imza atacaq.
Milli komandamızı çalışdıracaq yeni şəxsin isə Qurban Qurbanovun olacağı bildirilir. Məlumata görə, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilir. “Qarabağ” yeni çalışdırıcısı isə komandanın lideri Rəşad Sadıqov olacaq.
Modern.az