Modern.az

«Parlament Müxalifəti Qrupu» bəyanat verdi

«Parlament Müxalifəti Qrupu» bəyanat verdi

4 May 2011, 17:22

Modern.az-ın məlumatına görə, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Milli Məclisdə təmsil olunan müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib. Görüşün nəticəsi olaraq birgə fəaliyyət və əlaqələrin koordinasiya edilməsi üçün «Parlament Müxalifəti Qrupu»nun yaradılması barədə razılıq əldə olunub.

Qrup Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat da qəbul etdi. Bəyanatda deyilir:

«Azərbaycanın cəlb edildiyi müharibə, Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsi, torpaqlarımızın işğaldan dərhal və qeyd şərtsiz azad edilməsiylə bağlı BMT qətnamələrinin həyata keçirilməməsi ölkədə bütün siyasi qüvvələrin birliyini zərurətə çevirmişdir və bu vəziyyətdə hər hansı qaprşıdurma, inqilab və vətəndaş itaətsizliyi cəhdləri ölkəni son dərəcə çətin vəziyyətə sala və əldə olunmuş iqtisadi uğurların nəticələrini heçə endirə bilər.

Biz, Azərbaycan Parlamentində təmsil olunan müxalifət partiyaları bu reallığı dəfələrlə diqqətə çatdırmış və ərəb inqilablarının ölkəmizə süni yollarla gətirilməsi təşəbbüslərinin fəsadları barədə xəbərdarlıqlar etmiş, bu cəhdləri pisləmişik. Həmçinin qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan hakimiyyəti vətəndaşlaların sərbəst toplaşma azadlığına hörmət etməli, səmimi islahatlar həyata keçirməli, qeyri-qanuni və zorakı həbslərdən çəkinməlidir.

Biz mövcud ictimai-siyasi şəraiti və ölkənin beynəlxalq nüfuzunun qorunması zərurətini nəzərə alaraq Azərbaycan hakimiyyətindən tələb edirik:

1)            Vətəndaşların sərbəst toplaşma azadlığı təmin edilsin;

2)            Ölkədə iqtisadi və siyasi islahatlar reallaşdırılsın;

3)            Jurnalist və ictimai fəalların müxtəlif bəhanələrlə həbs edilməsi ənənəsinə son qoyulsun və həbsdəkilər dərhal azad edilsin».

Bəyanat müəllifləri sonda qarşıdurma və ictimai gərginliyin artmasında hakimiyyətin də məsuliyyət daşıdığını nəzərə çatdıraraq, iqtisadi-siyasi islahatların həyata keçirilməsi üçün qarşılıqlı dialoqu və fikir müxtəlifliyinin dəyirmi masada çözülməsinin vacibliyini diqqətə çatdırırlar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?