“Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki,
insanlar bu güzgüyə baxaraq baş verənləri olduğu kimi görür”- Pol Stenli
"Nədi ayə, nə bərəldirsən o qarə gözünü,
yoxsa bu ayinədə əyri görürsən özünü?!- M.Ə.Sabir
Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Təbii ki, qanunları və etik normaları pozmamaq şərtilə. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir.
Mətbuat azadlığı necə tənzimlənməlidir?
Dünyada oluğu kimi, Azərbaycanda da son zamanlar söz və mətbuat azadlığı məsələsi gündəmdən düşmür. Bu məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.
Media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.
İfrat-azadlıq şəraitində də tam fərqli problemlər yaşanır. Bu zaman jurnalistlər özü bu durumdan sui-istifadə edə bilər, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana bilər.
Belə antipod arqumentlər cəmiyyətdə və hökumət dəhlizlərində müzakirəyə çıxarılan diffamasiya məsələsini gündəmə gətirir. Beynəlxalq təşkilatların da bu məsələdə hökumətə təzyiqləri var. Amma hökumət rəsmiləri bunun qarşısına tutarlı əks-arqumentlər çıxara bilirlər. Çünki, ölkədə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.
Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda “media azadlığı necə tənzimlənməlidir”, ya da “söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı” sualları ortaya çıxır.
Bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil. Örnək olaraq, inkişaf etmiş ölkələrin təcrübəsi göstərilir. Düzdür, bu ölkələrdə media azadlığı azad cəmiyyətin qurulmasında, vətəndaş cəmiyyətinin bərqərar olmasında önəmli tədirlərə malikdir. Lakin bu ölkələrin hamısında media qanunvericiliyi və jurnalistika mühiti, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır.
Bundan başqa, hər ölkənin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli ictimai formasiyalarda, avtoritar və demokratik rejimlərdə formalaşıb. Bu üzdən də dünya təcrübəsi ilə milli ənənələri uzalaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi tapılmalıdır.
Ultra-azadıq, yoxsa qırmızı cizgilər?
Bu gün mediamızda Qərb standartlarının tətbiqinə çalışılır, lakin hələ ki, bunun reallaşmasına çoxsaylı faktorlar maneə törədir. Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, müasir jurnalistika təhsili və peşəkar təcrübə qazanma üçün imkanların azlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının formalaşmaması, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu, stereotiplərdən çıxmaqda çətinliklər kimi faktorlar önəmli rolu oynayır.
Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.
Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.
Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur. Onlar hansılardır? Gəlin nəzərdən keçirək.
Tam nəzarətsiz, cəzasızlıq şəraitində, mətbuat vasitəsinin dövlət orqanından icazə alınmadan fəaliyyətə başlaya bilməsi, istədiyini yazması kimi ultra-azadlıq mühitində keçid dövrü yaşayan bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:
1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, böyük bir jurnalist ordusunun ölkədə dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.
2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.
3.Oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.
4.Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.
5.Bir çox qəzetlər yaranmış münbit şəraitdən maksumum yararlanaraq reketçiliklə məşğul olmağa başlayır və jurnalistikanı gözdən salırlar.
Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar “simsiz teleqrafla” xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.
Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin hər məsələdə “qızıl orta” deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir. Azərbaycanda bu üçüncü yolun seçildiyi aydın görünür.
Azərbaycanda mətbuat azadlığı necə başa düşülür?
Son vaxtlar mətbuatda ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı yazıların sayı artıb. Bəli, belə hallar çox təəssüf ki, bizim ölkədə də yox deyil. Amma ədalət naminə deməliyik ki, bir çox hallarda müəlliflər dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var. Əslində, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.
Burada bir problem var- bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.
Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid və təhqir etmək mümkün olmazdı, 4000-ə yaxın KİV, on minlərlə internet saytı və bloqlar yarana bilməzdi, “media-reket”lər hökumətin yaratdığı azad şəraitdən istifadə edib əziyyətsiz-filansız varlanmaq həvəsinə düşməzdilər.
Belə olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı-hesabı olmazdı, çünki ölkə mətbuatını izləyəndə hər gün yüzlərlə qanun pozuntusuna rast gəlmək olur. Qərbdə dövlət məmurlarına bir məsələ aşılanır- aldığınız maaşın yarısı tənqid və təhqirlər dözməyiniz müqabilində verilir. Bizdə də məmurların jurnalistləri məhkəməyə vermə hallarına çox az rast gəlinir, halbuki, onların çoxu maaşlarının yarısını buna görə aldıqlarından xəbərsizdirlər.
İctimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir. Lakin bu demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.
Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Bəziləri hansısa cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, “vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər”. Görün durum, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də bəzi qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə azad edilməlidir.
Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan “jurnalist”lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə “jurnalist”lərə qarşı mübarizəni ilk növbədə elə həmkarları- biz özümüz aparmalıyıq.
Bəs vətəndaş və ya məmur? Onlar niyə belə quldur “jurnalist”ə rüşvət verməyə məcbur olmalıdır? Çünki məmur rüşvət verməsə, belə mətbuat quldurları gedib qəzetdə ifşaedici yazılar yazıb döşəyəcək qabırğasına və olacaq el içində xar. İndi 9 milyonluq ölkəni qapı-qapı düşüb hər vətəndaşa əlli iki min şahid, sübut, fakt və dəlil göstərəsi deyilsən ki, elə deyil, belədir.
Təbii ki, qərəz, böhtanla yanaşı, bir çox məmurların cinayət və qanunpozma halları da olmamış deyil. Belə hallar haqda fakt əldə edən “jurnalist”lər (bəzi hallarda qəzetlər) müəyyən məbləğ müqabilində susmağı təklif edirlər. Bu faktların ictimailəşməməsi naminə tərəflər arasında bazarlıq baş tutur.
Vətəndaşlar isə, bəzən öz problemlərini həll etdirmək üçün bəzi “jurnalist”lərə rüşvət verir və problemi ictimailəşdirirlər. Bu kimi hallar bəzi sahələrdə məmur-vətəndaş münasibətlərinin arzuolunan səviyyədə olmaması, dövlət icra strukturlarında şəffaflıqla bağlı şübhələrin varlığı üzündən yaşanır.
Sosial problemlər jurnalistin faydalı iş əmsalını azaldır
Jurnalistlərin sosial durumun ağır olması, çətin şəraitdə çalışması heç kimə sir deyil. Bu sahədə çalışanların 80 faizinin şəxsi mənzili yoxdur, onsuz da aşağı olan (200-400 manat) əməkhaqqının azı yarısı kirayə haqqına sərf olunur. İnkişa etmiş ölkələrlə müqayisədə Azərbaycan jurnalistləri 5-10 dəfə aşağı maaş alırlar. Özü də əksəriyyəti ictimai əsaslarla çalışır, sosial sığorta, pensiya fonduna köçürmələr yoxdur.
Təsəvvür edin ki, bu sətirlərin müəllifi 10 min işarəlik araşdırma yazıya görə, 10 il öncə də eyni qonorar alırdı, indi də. Bu 10 ildə bütün sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar edilib, bü müddətdə bazar-dükanda qiymətlər neçə dəfə artıb.
Amma jurnalist hələ də dünyanın ən bahalı şəhərlərindən biri olan Bakıda 300 manat maaşla ailəsini yaşatmağa çalışmaqdadır. Əksəriyyət bunun yarısını kirayə haqqına ödəyir, belədə mənzərəni təsəvvür etmək çətin deyil.
Beləliklə, orta statistik jurnalist ailəsində adambaşına 70-80 manat düşür ki, bu da təxminən yaşayış minimumdan 2 dəfə aşağıdır. Belə bir ağır durumda yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?
İş o yerə çatıb ki, banklar jurnalistlərə hətta adi məişət əşyalarını belə kreditlə verməkdən imtina edirlər. Lakin qeyd etmək lazımdır ki, burada jurnalistlərin maddi təminatının zəif olması ilə bərabər, yeri-yurdu olmayan formal qəzetlərin çoxsaylı fırıldaqçı əməkdaşlarının bankları aldatmasının da rolu var.
Bəzi qəzetlər 50 nəfərlik ştat saxlayır ki, bu əməkdaşların da azı yarısı “artıqdır”. Şərti bir qəzetin tutaq ki, aylıq büdcəsi 10 min manatdır. Bu pulla gülünc əməkhaqqı ilə 50 jurnalist də saxlamaq olar, normal əməkhaqqı ilə 20 nəfər də.
Nədənsə qəzetlər 1-ci variantı seçirlər. Halbuki, bu qəzetlərin səhifələri agentlik və xəbər portallarının materialları ilə dolu olur, uzağı 5-6 müəllif yazısı verilir. O zaman 50 nəfərlik (bunun ən azı 30 nəfəri müxbir ştatıdır) ştata nə ehtiyac var?
Hazırda jurnalistlər minimal yaşayışlarını təmin etmək üçün azı 2-3 yerdə işləməyə məcburdur. Ya da gün ərzində 2 qat, 3 qat çalışmağa. Bu halda iş keyfiyyəti də təbii olaraq aşağı düşür. Üstəlik, belə gərgin iş rejimi sağlamlığa da ciddi zərbə vurur. Bu yaxınlarda jurnalistlərin pulsuz müayinəsi edilərkən qələm sahiblərinin çox sayda xəstəliyi olduğu ortaya çıxdı.
Peşəkarlar adətən az əməkhaqqına işləmirlər, cüzi əməkhaqqı ilə əməkdaşlar işlətmək istəyən media qurumları isə praktikantları işə cəlb edirlər ki, bu da indiki durumun yaranmasına gətirib çıxarıb. Son vaxtlar televiziya, radio və mətbuatda (hətta kitablarda da) elə biabırçı səhvlər gedir ki (mexaniki səhvlərdən söhbət getmir), adam heyrətə gəlir. İbtidai sinif təhsili ilə belə, bu cür səhvə yol vermək olmaz.
Daha bir problem də qiymətləndirmədə ədalətsizliklə bağlıdır. Əksər qəzetlərdə maaş minimum əməkhaqqı civarındadır. Yəni, uzağı 100 manat. Qalan əməkhaqqı qonorarla formalaşır. Bu qonorar da standart- yəni, “qranka” hesabı ilə, başqa sözlə keyfiyyətə yox, həcmə görə hesablanır. Belədə, zəhmətin qarşılığı arxa plana keçir.
Məsələn, tutaq ki, əməkdaşlardan biri xeyli əziyyət çəkib ortaya ciddi bir araşdırma, analiz və ya reportaj qoyub, digəri isə zəif, maraqsız az əmək sərf edilən standart bir yazı verib. Eyni həcmli 2 yazıya eyni qonorar ödənilir. Beləliklə də, birinci jurnalist dəyərli yazı yazmaqda maraqlı olmayacaq və nəticədə qəzetin səviyyəsi aşağı düşəcək.
Bu sistemin daha bir pis tərəfi də yazıların boş yerə uzadılmasından yaranır. “Qranka”nın artıq olması üçün jurnalist 10 cümlədə ifadə edəcəyi fikri 20-30 cümləyədək uzadır. Qəzetlərdə redaktor işindən isə danışmağa belə dəyməz.
Onu da qeyd etməliyik ki, son zamanlar sürətlə media bazarında üstünlüyü ələ keçirən portallarda tamam başqa mənzərədir. Burada lazımsız ştatlar yoxdur, peşəkarlar yüksək maaş və qonorarla işə cəlb olunur, yazının həcminə yox dəyərinə fikir verilir, nəticədə ortaya az qüvvə ilə daha çox və dəyərli iş görə bilən peşəkar media qurumu çıxır.
“Reket” mətbuat və ya quldur “jurnalist”lər
Məlum olduğu kimi, Azərbaycanda 4000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 50 ciddi mətbuat vasitəsi (qəzet, jurnal, agentlik) var. Bəs qalanları nə işlə məşğuldur? Bu suala cavab axtaraq.
Yüzlərlə qəzet var ki, qeydiyyatdan keçirilib, ildə 1 dəfə 4 səhifə həcmində bir-iki yüz tirajla çap olunur, redaksiyası, avadanlığı belə yoxdur, amma bu qəzetin “işçilərinin” sayı “Nyu-York Tayms”ın əməkdaşlarından çoxdur. Yəni, jurnalistikadan, mətbuatdan və ictimai məsələlərdən xəbəri olmayan bəzi fırıldaqçılar indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar.
Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub ölkənin əyalət şəhərlərinə dilənməyə göndərən bu “baş redaktorlar” haqda tədbir görülməməsi durumu daha da gərginləşdirir. Bu, “4-cü hakimiyyət”in əsas problemlərindən biridir. Çünki, mətbuatın cəmiyyətin “gözündən düşməsi” sonda oxucu qıtlığı yaradır, gəlirləri azaldır, KİV-in təsir gücünü azaldır. Bu tendensiya sonda medianın bir ictimai institut kimi öz önəmini itirməsinə gətirib çxıarır.
Print-media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, peşəkarlardan ibarət heyətə mailk ciddi qəzet-jurnallar maddi və mənəvi asılılıqdan qurtaracaq, sırf oxucu auditoriyasına, ictimai maraqlara və reklam bazarına hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq. Yoxsa, “xoruz səsi eşitməmiş” adlar qoyulan “qəzetlər” mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edəcəklər.
Bəzi məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistika ilə məşğul olanların sayı isə heç 5 min nəfər də deyil. İş o yerə çatıb ki, yol polisindən canını qurtarmaq üçün əksər avtomobil sahibləri jurnalist vəsiqəsi əldə etməyə çalışırlar.
Ölkədə kimi dindirirsən, deyir jurnalistəm. Adam artıq peşəsini təqdim etməyə də utanır. Yüz and-aman elə ki, mən ciddi jurnalistika ilə məşğulam, mənim belə-belə əməllərlə işim yoxdur, kimdi sənə inanan? Jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.
Mətbuatdan cəmiyyətə mənfi enerji yağmuru
Mətbuatın problemi təkcə səviyyəsiz və qeyri-peşəkar reket qəzetlərdən ibarət deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq başqa dəyirmanlara su tökən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzaranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin 135 il ərzində yaratdıqları “qəzetlər yalnız həqiqəti yazır” düşüncəsini və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri cəmi 13.5 il ərzində darmadağın ediblər.
İndi oxucu qəzetdə yazılanlara bir o qədər də inanmır, çünki başa düşür ki, hər qəzet öz idarə olunduğu yerin siyasətinə uyğun olan şeyləri yazır və öz məqsədinə çatmaq üçün ağa qara demək belə qəzetlər üçün problem deyil. Bu səbəbdən həmsöhbətinə “filan yerdə filan şey olub” deyəndə soruşur ki hardan bilirsən? Desən ki qəzetdə yazıblar, səni kinayəli baxışla tərs-tərs süzüb deyəcək ki, qəzetlərdə doğru heç-zad yazılmır.
Bax milli mətbuatı bu günə salanlar indi durub azadlıqdan dəm vururlar və deyirlər ki, hökumət bizi sıxışdırır. Yəni, qoymur ki, bala-bala rüşvətdən-zaddan alıb ötürək cibimizə və axşam restoranda bu pulla dünya nemətlərini həzm-rabedən keçirək. Ya da maliyyələşdiyimiz xarici siyasi və dini dairələrin mənafeyinə xidmət edək.
Bu gün sözügedən print-media vasitələri cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldurlar. Cəmiyyət isə bu çürki üzərindən atmağa məcburdur. Bəzi qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların dəhşətli dərəcədə şişirdilməsi, dövlət məmurlarının təhqir və tənqidi, xalqın “acından ölməsi”, sosial problemlərin “partlayış” həddinə gəlib çatması kimi fikirlər yer alır.
Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu xəbərlərdən bezib. Buna görə get-gedə belə qəzetlərin tirajı azalır.
Qeyd etmək lazımdır ki, rəsmi qəzetlərdə və iqtidaryönlü mətbuatda da oxşar problemlər var. Bu qəzetlər hələ də şablon yanaşmadan, qəlibləşmiş təqdimatdan uzaqlaşmayıb. Ölkədə baş vermiş hər hansı bir hadisəni, faktı gizlətmək, bu haqda xəbər verməmək köhnəlmiş üsuldur.
Ölkədə problemlərin varlığı heç kimə sirr deyil. Bu problemlər ən ali dövlət kürsülərindən, prezident səviyyəsində belə etiraf olunur. Lakin sözügedən qəzetlərə baxdıqda hansısa problemin, nöqsanın ortaya qoyulduğunu görmək olmur. Ya da bu, çox nadir hallarda olur.
İndi Sovet dövründəki kimi mətbuat yalnız dövlətin orqanı deyil. Minlərlə azad media vasitəsi, nəzarət olunması mümkün olmayan, internet saytları, sosial şəbəkələr var və insanlar onsuz da baş verənlərdən xəbər tutur.
Əslində, rəsmi və iqtidaryönlü mətbuat nöqsanları, problemləri açıq göstərsə, həm bu problemlər həll olunar, həm də vətəndaşlarda dövlətə, dövlət mətbuatına inam güclənər. Son vaxtlar ölkədə korrupsiyaya qarşı güclü mübarizənin aparılması məbuatın “4-vü hakimiyyət” srutusunu təsdiq etmək üçün idela imkandır, çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə çata bilməz.
"4-cü hakimiyyət”in 1-ci funksiyası
Jurnalist olaraq bizim əsas vəzifəmiz cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməkdir. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkməliyik. Cəmiyyətdə medianın, jurnalistlərin nüfuzünü qorumaq istəyiriksə, öz missiyamızı vicdanla yerinə yetirməliyik.
Qərbdə jurnalistləri “cəmiyyətin gözətçi köpəyi” adlandırırlar. Bu vəzifə şərəflidir və cəmiyyətin inkişafına böyük təsir göstərir. Azərbaycanda bütün jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.
Jurnalistikanın əsas kriteriyaları isə, obyektiv, tərəfsiz və... ən əsası vicdanlı olaraq çalışmaqla şərtlənir. Bu gün örnək göstərilən ölkələrdə də media tam azad deyil. Qərb mediası bütün dünyaya obyektivlik dərsi keçsə də, özləri öz dövlətlərinin maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı da bacarırlar. Bir neçə gün öncə bir Türkiyəli həmkarımızın, amerikan əsgərlərinin Əfqanıstanda 9 uşağı qətlə yetirməsi zamanı susan ABŞ, Avropa və Türkiyə mediasına “neçə əfqan uşağının güllələnməsi bir xəbər edər” sualı ilə müraciəti hər şeyə aydınlıq gətirir.
Medianın 3 əsas vəzifəsinin olduğu məlumdur- məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Bunların hamısı önəmlidir, lakin hansının daha önəmli olması haqda uzun zamandır mübahisələr gedir.
Əslində, bu hər bir cəmiyyətin durumundan asılıdır. Bizim hazırki durumumuzda məlumatlandırma və maarifləndirməyə böyük ehtiyac var. Söhbət ciddi mediadan gedir. Əyləndirmə ilə məşğul olan bu sahədə ixtisaslaşmış media vasitələri hər zaman mövcud olur. Həm də bunun üçün mediadan başqa da vasitələr var.
Ümumiyətlə, fikrimizcə, medianın qəbul olunmuş bu 3 standart vəzifəsinin xaricində daha bir və ən əsas görəvi də var. Media sadə vətəndaşların səsini cəmiyyətə və dövlətə çatdırmalı, dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır.
Medianın öz ana görəvlərini yerinə yetirməsi olduqca çətin və təhlükəli məsələdir. Dünyada ən təhlükəli peşələrin ilk üçlüyündə jurnalistikanın da yer alması belə deməyə əsas verir. Məhz bu üzdən jurnalistika fədakar insanlar tələb edir.
Qərbdə jurnalistləri “cəmiyyətin və demokratiyanın gözətçi köpəyi” adlandırırlar. Bu görəv şərəflidir və toplumun inkişafına müsbət təsir göstərir. Azərbaycanda jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.
Media heç zaman sehirli güzgü ola bilməz və olmamalıdır. Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var- “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar bu güzgüyə baxaraq bütün hadisələri olduğu kimi görür”. Azərbaycana məhz belə media lazımdır.