Modern.az

Nizami Cəfərov “Təhsil qanunu”ndakı dəyişiklikdən danışdı: “...peşəkarlar çatışmır”

Nizami Cəfərov “Təhsil qanunu”ndakı dəyişiklikdən danışdı: “...peşəkarlar çatışmır”

14 İyun 2017, 12:11

Milli Məclisin deputatı Nizami Cəfərov parlamentin növbədənkənar iclasında “Təhsil haqqında” qanunda edilən dəyişikliyə münasibət bildirib.

 

Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, sovet dövründə də hazırlıq kursları vardı və həmin kurslarda insanlar 1 il müddətində hazırlaşırdılar.

“Mən deyərdim ki, həmin hazırlıq qruplarından keçənlər heç də pis oxumurdular. Çünki 1 illik hazırlıq çox əhəmiyyətli şeydir. Hazırda bizdə olan reallıq bundan ibarətdir ki, ölkəmizdə universitetlərə qəbul oluna bilməyənlərin əksəriyyəti təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Bununla da müxtəlif neqativ hallar ortaya çıxır. Belə olan halda, insanların əziyyət çəkib kənara getməməsi, ölkəmizdən təhsil ala bilməsi üçün bu dəyişikliyə ehtiyac var. Həmin hazırlaşma müddəti onların həyatında heç də çölə atılmış bir şey deyil”.

 

Deputat deyib ki, o, hər zaman belə təklif edib ki, biliyinin az və ya çox olmağından asılı olmayaraq, kim ki universitetdə təhsil almaq istəyir, onlar qəbul edilsinlər.


“Amma iş elə aparılsın ki, universiteti yalnız mütəxəsislər bitirsin. Elə olmasın ki, tələbə universitetə hansı ağılda gəlibsə, həmin ağılda da getsin. Bizim gənclərin intellekt səviyyəsi güclüdür. Onları inkişaf etdirmək lazımdır”.

 

N.Cəfərov bildirib ki, hazırda müxtəlif sahələr üzrə peşəkarlar çatışmır.

“Buna da universitet təhsili lazım deyil. Normal peşə təhsili lazımdır. Məncə o sahələrə daha çox diqqət artırılmalıdır. Mən hesab edirəm ki, peşə təhsili universitetlərin nəzdində müəyyən müddətdə verilə bilər”.

 

Deputat universitetlərin nəzdində yaradılacaq hazırlıq kurslarına ödənişlərin nağdsız qaydada həyata keçiriləcəyini deyib.

“Heç kimin ora müdaxilə imkanı olmayacaq. Buna ancaq hökumət nəzarət etməlidir. Həmçinin, həmin universitetlərdə müəllimlərin hüquqları artırılmalıdır. Yəni onların qiymət yazmadığı uşaqlar kursdan-kursa keçməməlidir, universitetə qəbul edilməməlidir. Bu məsələ administrasiyanın ixtiyarına verilməməlidir. Biz administrasiyaya verilməməlidir dedikdə, dərhal şübhə yaradırıq ki, burada nə isə ola bilər. Müəllimlər belə bir şeyə getməz. Müəllimlərin, administrasiyada işləyənlərin maaşı yüksək olmalıdır ki, onların gözü orda-burda olmasın”.


Milli Məclisin dünən keçirilmiş növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilib:


“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.


Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?