Bu gün Azərbaycanın bütün məktəblərində son zəng tədbirləri keçirilib. Bu gün məktəblərdə canlanma, şagirdlərdə sevinc hissləri müşahidə edilir. Məzun olan şagirdlər həyatın başqa bir mərhələsinə qədəm qoyurlar. Son zəng günü məzun olan şagirdlərlə yanaşı 1-ci sinif şagirdləri də həyəcanlanır, sevinc hissləri keçirirlər. Çünki məzun şagirdlər 1-cilərə hədiyyələr təqdim edirlər. Son zəngdə məktəblərə musiqi sədaları eşidilir, məzunların sevincinə şərik olanlar məktəbin həyətinə toplaşır.
Modern.az-ın əməkdaşı bunun şahidi olmaq üçün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə yollanıb.
Məktəbin məzunları son zəng üçün xüsusi hazırlaşıblar. Onlardan bəziləri rəqs edirdi, bəziləri mahnı oxuyurdu. Bəziləri musiqi alətlərində ifa edərək şən bir abı-hava hava yaradırdılar. Üzlərindən təbəssüm əskik olmayan şagirdlər istədikləri kimi əylənirdilər.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova qonaqları salamlayıb, məzunları təbrik edib.
Məktəb direktoru məzunları təbrik edərkən hisslərini cilovlaya bilməyib kövrəlib.
“Bu gün uşaqlarımız çox gözəl geyinib, hazırlaşıblar, onların qarşısında ali məktəblərin, kolleclərin, peşə məktəblərinin yolları açılıb. Bütün bunlara görə ölkə prezidentinə, ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarıq.
Məzunlarımızı bir direktor, müəllim, ana kimi təbrik edirəm. Sizin qarşınızda açılan bütün yollarda yaşıl işıq görmək istəyirəm. Bu il məktəbimizdən 25 şagird məzun oldu. 12-ci sinifdə 3 sinfimiz ,“A”, “B” və “Q” sinifləri təhsil alırdı. Düzdür, şagirdlərimizdən bəziləri bizi incidirdi. Amma çalışırdıq ki, əlimizdən gələn köməyi, dəstəyi əsirgəməyək. Şagirdlərimizin imtahan verəndən sonra şad xəbərlərini eşitmək istəyirəm. Məktəbimizin şagirdlərini, məzunlarını hər zaman ön sıralarda görmək istəyirəm. Valideynlər 12 ildir şagirdlərimizin arxasında durub, dəstək olub, bundan sonra şagirdlərimiz valideynlərinə dəstək olsunl
Təhsil Nazirliyinin deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinin internatlar üzrə əməkdaşı Həbib Kərimov məzun olan şagirdləri təbrik edib.
“Mən əminəm ki, bu gün məzun olan şagirdlərimiz 1-ci sinfə daxil olduqları zaman nə qədər həyəncanlı idilərsə, bu gün də məzun olaraq eyni həyəcanı yaşayırlar. Bu gün onlar məzun olaraq sərbəst həyata qədəmlərini qoyurlar. Onların gələcək həyatının uğurlu olacağına inanırıq. Məzunlarımızın səslərinin ölkənimizin ali məktəblərindən gəlməsini ümid edirik.
Məktəbin müəlliməsi Aidə xanım, bu gün danışmağın çətin olduğunu deyib.
“Bu gün mən məzunlarımızın hansından danışım?... Onların hər biri 1-ci sinifdən 12-ci sinfə qədər gözümüzün önündə böyüyüblər. Bu gün həm sevinirik, həm də kədərlənirik. Sevinirik ona görə ki, 12 il tədris verdiyimiz, əziyyət çəkdiyimiz şagirdlərimiz həyata qədəmlərini qoyurlar. Amma onlardan ayrılmaq bizi kədərləndirir. Bu illər ərzində şagidlərimizin yaxşı və pis günlərində birlikdə olmuşuq. Hər zaman dost olmuşuq. Bizim məktəbimizdən məzun olan şagirdlərin adları yüksək yerlərdən gəlir. Arzu edirik ki, bu il məzun olan şagirdlərimiz universitetlərə qəbul olsunlar, adlarını yüksək yerlərdən eşidək. Onların arzularına çatması bizim üçün ən böyük hədiyyədir”
Məzunlardan birinin valideyni olan Nazilə xanım, özünün də bu məktəbin məzunu olduğunu deyib.
“Bu gün mənim üçün çox sevindirici gündür. Mənim qızım Aysel bu il məktəbin məzunu olub. Mən özüm 21 il öncə bu məktəbin məzunu olmuşam. Bu gün həm sevindim, həmdə keçmiş anları xatırlayıb kədərləndim. Məktəbin müəllimləri uşaqlarımıza hər zaman xüsusi qayğı ilə yanaşıb, onlara elm öyrədiblər. Bütün müəllimlərin, tərbiyəçilərin qarşısında baş əyirik. Uşaqların hər birini təbrik edirəm, hansı ixtisası seçiblərsə o ixtisas üzrə yüksək biliklərə yiyələnmələrini arzu edirəm”.
Məktəbin məzunu Anar Heydərli bizimlə söhbətdə, məzun olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
“Məktəbimi, müəllimlərimi çox sevirəm. Onlar bizim üzərimizdə əvəzsiz əziyyət çəkiblər. Onların sayəsində yüksək biliklərə sahiblənmişik. Bu yaxınlarda qəbul imtahanlarında iştirak edəcəyəm. 1-ci və 5-ci qrupa imtahan verəcəyəm. Ən böyük arzum Universitetə qəbul olaraq ölkəmizin, məktəbimizin adını yüksəklərə qaldırmaqdır.
Məktəbin digər məzunu Sevinc Babayeva məzunluğun çox gözəl hiss olduğunu deyib.
“Məktəbi bitirdiyimə görə həm sevincli, həm də kədərliyəm. Ona görə sevincliyəm ki, məktəbi bitirib təhsilin daha yüksək pilləsinə addım atacağam. Kədərlənməyimin səbəbi isə budur ki, bizə belə qayğı ilə yanaşan müəllimlərdən, dostlarımdan, və gözəl məktəbimdən ayrılacağam. Məzun olsam da müəllimlərimlə görüşmək üçün məktəbə gəlib gedəcəyəm. Birinci imtahanda iştirak etmişəm amma nəticəmdən razı olmadığım üçün ikinci imtahanda da iştirak edəcəyəm. Alman dili üzrə tərcüməçi olmaq istəyirəm. Bakalavr təhsilimi ölkəmizdə, magistr təhsilimi isə Almaniyada davam etdirməyi istəyirəm”.
Təbdir çevrəsində məzunlara hədiyyələr təqdim olunub. Tədbirin sonunda rəmzi son zəng çalınıb.
Qafar Ağayev