Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanına ictimai nəqliyyatın işləməməsinin səbəblərinə aydınlıq gətirilməsi üçün nəqliyyat naziri Ziya Məmmədova müraciət ünvanlayıb.
Deputatın müraciətinə cavab olaraq Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Bakısərnişinnəqliyyatı" MMC-nın mətbuat xidmətinin rəhbəri Samir Həsənov Modern.az saytına açıqlama verib. O, bildirib ki, Bakı şəhərində sərnişindaşınma ilə dövlət qurumları deyil, özəl sahibkarlar məşğul olurlar. S.Həsənov onu da qeyd edib ki, mövcud problemlə bağlı sahibkarlarə müraciət göndərilib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Nəqliyyat Nazirliyinin verdiyi cavabı tutarlı hesab etmədiyini bildirib. O qeyd edib ki, ortada kifayət qədər problemlər var və Nəqliyyat Nazirliyinin funksiyası bu problemi tənzimləməkdən ibarətdir.
“Məsələni sahibkarın öhdəsinə buraxsan, ola bilsin ki, illərlə Hava Limanına hər hansı bir avtobus, ictimai nəqliyyat işləməsin və üzun illər boyu Azərbaycan vətəndaşları əziyyət çəksinlər. Bu, xüsusilə Hava Limanına daimi gedib-gələn vətəndaşlar üçün problem yaradır”-deyə E.Mirzəbəyli bildirib
E.Mirzəbəyli hesab edir ki, insanlar hava limanına yetişmək üçün çarəsizlikdən takislərə artıq pul verməli olurlar, bu baxımdan problemin həlli vacibdir:
“Nəqliyyat Nazirliyi istənilən məsələ ilə bağlı prosesə müdaxilə etmək iqtidarındadır və həmin o sərnişindaşıma şirkətlərinin də hansısa prinsiplər əsasında fəaliyyət göstərdiyini bilirik, bunu Azərbaycanda bilməyən yoxdu. Məsələnin nəzəri formada sahibkarların üzərinə atılması yaranan problemdən yayınmağa xidmət edir. Bu məsələ kifayət qədər ciddi məsələdi, dünyanın heç bir ölkəsində elə bir hal yoxdu ki, hava limanına ictimai nəqliyyat işləməsin. Hətta dünyanın əksər ölkələrindəki hava limanlarına metro xətti çəkilib, ictimai nəqliyyatın bütun növləri hava limanına gedib-gəlirlər, bu baxımdan hava limanı ölkənin əsas gediş-gəliş mərkəzlərindən biridir”.
Müsahibimiz bildirib ki, hava limanına avtobus marşrutunun olmamasından ölkəmizə gələn xarici turislər daha çox əziyyət çəkirlər.
“Nazirlik problemin ciddiliyini nəzərə almalı və lazımı tədbirlər görməlidir. Əgər bu il “Turizm ili” elan elan olunubsa, Azərbaycana turist kimi gələn xarici ölkə vətəndaşları, ölkənin hava limanından şəhərin mərkəzinə ictimai nəqliyyatın olmadığını görəndə nə düşünərlər”-deyə qeyd edən E.Mirzəbəyli hesab edir ki, özəl sahibkarlara millət vəkilləri də müraciət edə bilərlər.
“Amma hesab edirəm ki, bu məsələdə Nəqliyyat Nazirliyinin prosesi tənzimləyən bir qurum kimi müraciət etməsi və yaxud bilavasitə bu işlə məşğul olması daha məqsədəuyğun olardı. Bununla bağlı nazirlik tender elan etsin, prosesi stimullaşdırsın və hesab edirəm ki, məsələnin tənzimlənməsi elə bir problem yaratmır”.
Mail Ağaxanov