ABŞ prezidenti Donald Trampın ölkədə keçirilən seçkilər ərəfəsində Rusiya ilə əlaqələri barədə müzakirələr qızışır, aparılan araşdırmalar genişlənir. Amerika mətbuatı israrla sübut etməyə çalışır ki, Rusiya Trampı himayə edib və bunun nəticəsində o seçkilərdə qalib gəlib.
Modern.az xəbər verir ki, Rusiyanın seçkilərə kiber müdaxiləsini araşdıran ABŞ-ın xüsusi prokuroru Robert Müller indi də Trampın ədalət mühakiməsinə maneə yaradıb-yaratmamasını öyrənməyə başlayıb.
Bu barədə “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr qeyd edib ki, Müller Trampın çevrəsinin mümkün maliyyə cinayətlərini sübuta yetirmək üçün məsuliyyəti də öz üzərinə götürüb.
Müller bununla əlaqədar olaraq ABŞ-ın kəşfiyyat xidmətlərinin rəhbərliyini dindirməyi planlaşdırır.
Nəşr hesab edir ki, Müller bu işə çox ciddi girişib. Onun artıq Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Komidən xidməti qeydlər aldığı bildirilir.
Müstənqitlər həmçinin Trampın Ceyms Komininin FTB rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının səbəblərini öyrənmək üçün Müllerin araşdırmaları ilə tanış olurlar.
Müllerin təhqiqat predmetinə Trampa yaxın adamların aşkara çıxarılması da daxildir.
Aqşin KƏRİMOV