Jurnalist Əfqan Muxtarlının məhkəmə-nəzarət qaydasında tutulmasından verilən şikayətə baxılması üçün təyin olunan proses təxirə salınıb. Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, işə bu gün saat 11:00-da baxılmalı idi:
“Məhkəmədə gözləməyimizə baxmayaraq, məlum olub ki, Pentensiar Xidmət Əfqan Muxtarlını məhkəməyə gətirə bilmir. Bu səbəbdən də məhkəmə bu gün saat 16:30-a qədər təxirə salınıb”.
Baş Prokurorluğun yaydığı məlumata görə, Əfqan Muxtarlı 29 may saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edib. O bundan sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ə.Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yaydığı məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Gülşən RAUFQIZI