Modern.az

Prezident Sabirabadda bir neçə açılış mərasimində iştirak edib

Prezident Sabirabadda bir neçə açılış mərasimində iştirak edib

5 May 2011, 17:05

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində rayonun Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmayıb.

Ölkə başçısı kənd sakini Bəxtiyar Abışovun evində olub. Prezidentə bildirilib ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılıbdır. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılıbr. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir.

Qeyd edilib ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunub. Qasımbəyli kəndində 74 ev tikilib ki, onlardan 55-i artıq istifadəyə verilib. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilib. Bu evlərin 85-i artıq istifadədir.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılıb. Zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilib. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi də başa çatdırılıbdır. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılıb.

Sabirabadın bir çox kəndlərində 13 su keçidi və şlüzlər tikilin istifadəyə verilib. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınıb, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülüb

Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş evlərə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra dövlət başçısı Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezidentə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib və bildirilib ki, yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcəkdir.

Qeyd edilib ki, yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometrədək qısalıbdır. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib.

Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?