Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət hesabına mənzillərin və avtomobillərin verilməsi üçün yaradılmış xüsusi komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edib.
Bu barədə Modern.az saytına nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirlib ki, nazirliyin fəaliyyətində şəffaflığın artırılması istiqamətində görülən işlərin davamı olaraq ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə QHT ilə birgə layihələrin təşkili və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə aidiyyatı dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət “İctimai Şura”nın yaradılması barədə qərar qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində və respublikanın digər bölgələrində 81 çoxmərtəbəli yaşayış binası, 487 fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilib. Beləliklə, 1997-2011-ci ilin I rübü ərzində 3041 ailə mənzillə təmin olunub. Eyni zamanda nazirlikdə fəaliyyət göstərən komissiyanın 29 aprel 2011-ci il tarixli iclasında 23 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısının mənzillə təmin olunması barədə qərar qəbul edilib. Komissiyanın 04 may 2011-ci il tarixində keçirilən növbəti iclasında isə daha 15 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısının mənzillə təmin olunması barədə qərar qəbul olunub.
“Əlillərin minik avtomobilləri ilə təminatı işləri də uğurla davam etdirilir. 2010-cu ildə 478 ədəd «Slavuta» markalı minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanmışdır. Ümumiyyətlə, indiyədək 3000-ə yaxın minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. Qeyd edək ki, cari ildə də əlillər üçün avtomobillərin gətirilməsi planlaşdırılır. Bu günə qədər 602 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı avtomobil ilə təmin olunmuş, 841 nəfəri isə növbədədir”-deyə nazirlikdən bildirilib.
Bu istiqamətdə tədbirlərin davamı olaraq, 5 may 2011-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlili və iştirakçıları ilə görüş keçirilib. Tədbirdə 38 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçılarına mənzillərin bölgüsü ilə bağlı nazirlikdə yaradılmış Komissiyanın İclasının qərarından çıxarış təqdim edilib. Qeyd olunub ki, Böyük Vətən müharibəsi əlili və iştirakçıları daim dövlət tərəfindən qayğı ilə əhatə olunub, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Məlumat üçün bildirək ki, hazırda 31 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı mənzil növbəsindədir.
Modern.az