Hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş Kollegiya iclası keçirib/
Modern.az xəbər verir ki, iclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq bütün tibb işçilərini təbrik edib. O, Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin məhz 17 iyun tarixində təşkil olunduğunu bir daha xatırladıb.
Oqtay Şirəliyev öz çıxışında səhiyyənin tarixinə nəzər salıb. O qeyd edib ki, hələ keçən əsrin əvvəllərində Azərbaycanda demək olar ki, çox az sayda azərbaycanlı həkim çalışırdı.
“Demokratik Respublika vaxtında Bakı Dövlət Universitetinin nəzdində Tibb fakültəsi yaradılmışdı. Həmin fakültənin ilk buraxılışında məzunlardan cəmi 5 nəfəri azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı, beləliklə tibb müəssisələri, poliklinikalar tikilməyə başladı. Hələ o dövrlərdə cərəyan edən müxtəlif infeksiyaların, epidemiyaların qarşısının alınması üçün müxtəlif tədbirlər görülürdü. Elə həmin dövrlərdə bizim tanınmış tibb işçiləri, alimlərimiz fəaliyyət göstərirdilər. Onlardan Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Əbülfəz Qarayev, Emin Əfəndiyev və s. sovetlər birliyində çox tanınan və böyük sahib olan tibb xadimləri idilər. Onların təhqiqatları o dövrün dərsliklərində, monoqrafiyalarında dərc olunurdu”.
Nazir ölkə səhiyyəsinin sonrakı inkişaflarından da danışıb.
Tədbirin sonunda səhiyyə naziri Oqtay Şirəliyev “Səhiyyə əlaçısı” döş nişanı və ”Fəxri Fərman”larla təltif olunmuş şəxsləri təbrik edib.