10 imkansız azərbaycanlı gənc Türkiyədə pulsuz təhsil alacaq | Modern.az
Menu
10 imkansız azərbaycanlı gənc Türkiyədə pulsuz təhsil alacaq
5 May 2011, 20:04
Bu gün İçərişəhərdəki “Atropart” otelində Akademi Təhsil Qurumlarının təşkilatçılığı ilə 10 azərbaycanlı tələbənin pulsuz olaraq Türkiyə universitetlərində təhsil alması məsələsi müzakirə olunub.
Tədbirdə millət vəkilləri Azay Quliyev, Məlahət İbrahimqızı, Musa Qulıiyev, Sevinc Hüseynova və elm-təhsil sahələrin nümayəndələri iştirak ediblər.
Modern.az saytı xəbər verir ki, Akademi Təhsil Qurumları azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində təhsil alması üçün hər il hazırlıqlar, universitetlərin tanıtma günləri, Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması kimi tədbirlər keçirir.
Qurum bununla bərabər Türkiyənin nüfüzlu universitetləri ilə çoxtərəfli əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində ardıcıl olaraq yeni layihələr və tədbirlər həyata keçirir.
Türkiyəyə göndəriləcək 10 nəfər abituriyent universitetlərin təhsil haqlarından azad olaraq ali təhsil alacaqlar. Həmin universitetlər aşağıdakılardır: Bahçeşehir Universiteti- 5 yer, Okan Universiteti - 3 yer, Sabançı Universiteti- 1 yer, İstanbul Bilgi Universiteti-1 yer.
Qurumun Layihə rəhbəri Razi Vəliyev bu təqaüdlərin və universitetlərin sayının artacağını vurğulayıb.
2011-ci ildən başlayaraq bu layihə Akademi Təhsil Qurumunun təşəbbüsu ilə yaradılan, respublikamızın və Türkiyənin tanınmış dəyərli ziyalılarından ibarət Məsləhətçi Şurasının iştirakı ilə həyata keçiriləcək. Məqsəd savadlı, zəkalı abituriyentlərin seçilib onların təhsilinə yardımçı olmaqdı. Şura gələcəkdə də qurum tərəfindən həyata keçiriləcək layihə və proqramlarda yaxından iştrak edəcək. Qeyd edək ki, elə tədbirdə deputatlardan, jurnalistlərdən və ictimai xadimlərdən ibarət Məsləhətçi Şuranın üzvləri seçilib.
O da vurğulanıb ki, təqaüd proqramına orta ümumtəhsil məktəblərin məzunu olmuş hər bir azərbaycanlı abituriyent müraciət edə bilər. (Daha ətraflı məlumatı www.ugurakademi.az, www.mezun.az saytlarından əldə etmək olar).
Millət vəkili Azay Quliyev qurumun bu layihəsini önəmli hesab edərək bildirib ki, burda əsas şərt ondan ibarətdir ki, bilik, intellektual səviyyəsi böyük olan lakin, maddi imkanları xaricdə təhsil almağa imkan verməyən gənclərin cəlb olunması təqdirəlayiq haldır.