Mayın 5-də Azərbaycan Voleybol Federasiyasının idman zalında mərhum dövlət başçısının Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilən voleybol turnirinə yekun vurulub.
Modern.az saytı xəbər verir ki, "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən turnirin final mərhələsində AzərTAc və "SİA" komandaları qarşılaşıblar.
AzərTAc-ın voleybol komandasının üzvlərinin yüksək peşəkarlığı sayəsində komanda həlledici qarşılaşmada "SİA" kollektivinin əzmini qıraraq turnirin qalibi olub. Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı iştirak ediblər.
Əli Əhmədov jurnalistlərin informasiya sahəsində olduğu kimi, idmanda da fəal iştirakının sevindirici hal olduğunu vurğulayıb.
YAP-ın icra katibi partiyanın Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirdiyini və bunların içərisində idman tədbirlərinin də yer aldığını qeyd edib. Əli Əhmədov bildirib ki, keçirilən bütün tədbirlərlə, o cümlədən də bu gün şahidi olduğumuz voleybol turnirində iştirak edən gənc və həvəskar voleybolçular bu yarışla Heydər Əliyevin əziz xatirəsinə olan dərin hörmətlərini ifadə ediblər. Final oyununun kifayət qədər maraqlı keçdiyini vurğulayan Əli Əhmədov AzərTAc-ın informasiya sahəsində olduğu kimi, idmanda da öz yüksək peşəkarlığını nümayiş etdirdiyini xüsusi vurğulayıb.
Bunu komandanın bütün görüşlərdə öz rəqiblərinə bir set belə uduzmaması da təsdiq edir. Sonda qaliblərə mükafatlar təqdim olunub. Üçüncü yeri tutan "Xalq qəzeti" komandasına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı diplom və 800 manat pul mükafatını, 2-ci yerdə qərarlaşan "SİA" komandasına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov diplom və 1000 manat pul mükafatını təqdim ediblər.
Qalib komandaya - AzərTAc-a isə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov kuboku, diplomu və 1200 manat pul mükafatını təqdim edib.
Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Modern.az