Modern.az

Qəzetlərin abunəçiləri kimlərdir, nə qədərdir? (Redaktorlar cavab verirlər)

Qəzetlərin abunəçiləri kimlərdir, nə qədərdir? (Redaktorlar cavab verirlər)

Media

6 May 2011, 13:59

Bəzi xarici ölkələrdə çap mətbuatına - qəzet və jurnallara kütləvi abunə yazılışı həyata keçirilir ki, həmin media orqanlarının bu yolla yayılması onlara müəyyən qazanc gətirir. Bu təcrübə hazırda məsələn, Türkiyə, keçmiş sovet respublikalarında geniş tətbiq olunur. Özəl və dövlət qurumları könüllü olaraq hansısa qəzet və jurnallara abunə yazılırlar.
Azərbaycanda da hazırda bəzi qəzet və jurnallara abunə yazılışı qismən həyata keçirilir. Amma bu kütləvi deyil. Məsələn, müşahidələrə əsasən, dövlət və hakimiyyətə yaxın medianı əhatə edən abunə kampaniyası məcburi qaydada icra olunur. Müstəqil və müxalifətyönlü medianın vəziyyəti isə bir qədər fərqlidir.
Ümumiyyətlə, qəzetlərin abunə sahəsində vəziyyəti necədir? Modern.az saytının əməkdaşı bir sıra qəzet redaktoru ilə əlaqə saxlayıb.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təmsil etdiyi meda qurumunun abunəçilərinin sayı barədə dəqiq rəqəm deyə bilməsə də, söylədi ki, onlar az deyil.  
“Dəqiq rəqəm deyə bilmərəm. Çünki, bu daim dəyişir. Üç aylıq, 6 aylıq və 1 illik abunə yazılışıvar”. E.Mirzəbəylinin sözlərinə görə, qəzetin abunəçilərinin təxmini sayı 600-1000 arasında dəyişir.
“Xalq Cəbhəsi”nin abunəçiləri arasında hansı iri dövlət və özəl qurumlar var? E.Mirzəbəyli vurğuladı ki, əksər dövlət qurumları bu qəzetin abunəcisidir.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu mətbu orqanın satışının çox az hissəsini abunə təşkil edir. Onun sözlərinə görə, bu sahədə regionlarda böyük problemlər var. Belə ki, rayonlara qəzetlər vaxtına çatmır.
Qəzetin əsas gəlirinin satışdan əldə edildiyini söyləyən Ə.Zeynallı qeyd etdi ki, bu qəzetə abunə yazılan bəzi dövlət orqanları satış firmalarına bunu gizli saxlamağı tapşırıblar.
“Mənim bildiyim bir neçə qurum var ki, onlar satış firmalarına ciddi şəkildə göstəriş veriblər ki, onların “Xural”a abunə yazılmalarından bizim redaksiyanın xəbərimi olmasın”.
Ə.Zeynallı deyir ki, “Xural” hər şeyi olduğu kimi yazdığına görə onu qısqanırlar: “Dövlət qəzetlərinə külli miqdarda vəsait ayrılır, heç nə edə bilmirlər. Amma, biz öz oxuçularımızın hesabına ayaqda qalırıq. Bizim ölkəyə çıxışımızda, rayonlara paylanmağımızda çox böyük problemlər var. Nəinki, bizim hətta bütün müstəqil qəzetlərin belə problemi var. Mətbuat yayımında monopoliya var. Hakimiyyətə yaxın qəzetləri zorla abunə yazdırırlar. Oxucu müstəqil qəzetlərə abunə yazılmaq istəsə də, abunə katoloqunda müstəqil qəzetlərə yer verilmir”. 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hesab edir ki, abunə qəzetin yaşaması üçün təminatlı stabil maliyyə mənbəyidir.
“Abunə deyərkən Üzeyir Hacıbəyovun hekayəsi yadıma düşür. Çox təəssüf ki, əsrin əvvəlində olan qəzetlərə abunə yazılmaq problemi indi də var. İndi Azərbaycanda mədəni, iqtisadi tərəqqi baş verir”.
Bir neçə gün bundan əvvəl Belarusda olduğunu deyən H.Babaoğlu orada qəzetlərdən birinin  redaktoru ilə görüşdüyünü deyir. “O qəzetin 400 min tirajı var idi. Bu nəticəyə neçə nail olduqlarını soruşdum. Onlar bildirdilər ki, köhnə sovet qaydasında olduğu kimi, abunə sistemi tətbiq edirlər. Eyni zamanda qəzetin abunə sayının ötən il daha çox - 500 min olduğunu da əlavə etdilər. Əl-ayağa düşüblər ki, abunə sayı niyə azalıb”.
H.Babaoğlu hesab edir ki, qəzetlərin digər media qerumlarından üstünlüyü çoxdur. Çünki, oxucunun qəzet səhifəsindən oxuduğunu analiz etmək imkanı var. Ancaq digər media qurumlarında - nə internet mətbuatında, nə də radioda belə bir imkan var.
Baş redaktor bildirdi ki, “Yeni Azərbaycan” qəzetinin tirajının təxminən 50%-i abunə yolu ilə satılır. Abunəçilərin kim olmasına gəlincə, müsahibimiz qeyd etdi ki, abunəçilər arasında vətəndaşlar üstünlük təşkil edir. Ancaq, dövlət orqanlarından da abunə yazılanların sayı heç də az deyil. 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyir ki, onların normal sayda abunəçiləri var. “İstər rayonlarda, istərsə də Bakıda abunəçilərimiz var”.
Satışa çox az sayda qəzet buraxdıqlarını deyən V.Rəhimzadə bildirdi ki, “İki sahil”in əsas satışı abunə hesabına formalaşır. Abunəçilərin kimlər olduğuna gəlincə, müsahibimiz dedi ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri “İki sahil” qəzetinin abunəçisidir. 
“Bizə abunə olanlar müxtəlifdir. Onların arasında sadə vətəndaşlar da var, təşkilatlar da, siyasi qurumlar da. Çalışırıq ki, bizi oxumaq istəyənlərə, abunə olanlara qəzeti vaxtında çatdıraq”.  

“525-çi qəzeti”
in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, onların 700 abunəçisi var. Abunəçilər əsasən müxtəlif nazirliklərin hesabına formalaşıb. “Təhsil Nazirliyindən, Mədəniyyət və Türizim Nazirliyindən, ayrı-ayrı vətəndaşlar abunə yazılırlar”.
Özəl qurumlar arasında kütləvi abunələrin olmadığını deyən R.Məcid qeyd etdi ki, “525-ci qəzet”in satışının yarısı abunə hesabına həyata keçirilir.

“Ekspress”
qəzetinin kommersiya direktoru Təranə Məmmədovanın sözlərinə görə, abunə satışın 25-30 %-ni təşkil edir.
“Dövlət qurumları arasında abunəçilərimiz var. Prezident Administrasiyasında da bizim abunəçilərimiz var. Abunəni yayım şirkətləri həyata keçirdiyi üçün hansı qurumların abunə olduğunu dəqiq deyə bilmərəm”. 

“Mərkəz”
qəzetinin baş redaktoru Nigar Almanqızı hesab edir ki, qəzetin bütün yaradıcı heyəti abunənin təşkilinə çalışmalıdır. “İşlədiyim 4 ay ərzindəki vəziyyəti deyə bilərəm. Abunələrimiz var.  Türkiyənin 20 il bundan əvvəl atdığı addımı biz indi atırıq. Əməkdaşlıq etdiyimiz iri qurumlarla, görüşdüyümüz iş adamları ilə söhbət edirik, onlara qəzetə abunə yazılmağı təklif edirik. Onaların bizim qəzetə abunə yazılmalarına qarşılıq olaraq onların hər yazısını, hətta reklam xarakterli yazılarını qəzetimizdə dərc edirik”. 
N.Almanqızı hesab edir ki, dünyanın heç bir qəzeti abunə hesabına yaşamır, onlar gəlirlərinin əsas hissəsini reklamdan əldə edir.
“Mərkəz” qəzetinin konkret abunəçilərinə gəlincə, N.Almanqızı söylədi ki, “Özkaya Holdinq”, “Anbasador” oteli, müxtəlif ölkələrin səfirlikləri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sıradadır. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, onlar xarici ölkələrdə geniş yayılan qəzetlərə abunələrin yazılması təcrübəsindən Azərbaycanda yararlanmağa çalışırlar. A.Aşırlı bildirdi ki, bu sahədə xeyli problemlər var.
A.Aşırlının sözlərinə görə, “Şərq” qəzetinin satışının 20%-ni abunə təşkil edir. “Ağstafa, Tovuz, Gəncə, Samux, Bakınım  bir çox yerlərində ayrı-ayrı şəxslər bizim qəzetə abunə yazılıb”. 
“Şərq” qəzetinin abunəçilərinin kim olduğuna gəlincə, A.Aşırlı bildirdi ki, ayrı-ayrı nazirliklər, Mili Məclis və bir neçə təşkilat qəzetin abunəçisidir. 
A.Aşırlının sözlərinə görə, Azərbaycanda müstəqil medianının yayım siyasətinə problemlər aradan qaldırılmalıdır. “Deyirlər Azərbaycanda qəzet çoxdur. Əgər düzgün yayım siyasəti həyata keçirilsə, 7-8 gündəlik qəzet qalar. Secim sərbəstliyi yaranar”.     

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söylədi ki, qəzetin abunəçilərinin sayı olduqca azdır. Hətta barmaqla sayılası qədər. “Əvvəldən də bizim qəzetin abunəçilərinin sayı az olub. Qəzetimizin satışı sərbəst şəkildə qurulub”.
A.Quliyev təəssüf hissi ilə qeyd etdi ki, qəzetə abunə olmaq istəyənlər yoxdur. “Nə vətəndaşlardan, nə dövlət, nə də özəl qurumlardan abunə yazılmaq istəyən yoxdur. Kaş bizim qəzetlərə də kütləvi şəkildə abunə yazılmaq istəyənlər olaydı”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun sözlərinə görə, onun öz abunəçilərinin sayı haqqında məlumatı yoxdur. “Abunəni mətbuat yayımı firmaları həyata keçirir. Deyə bilmərəm, qəzetin abunəçisi nə qədərdir və hansı qurumlardandır”.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi