Modern.az

Qüdrət Həsənquliyevdən Rövnəq Abdullayevə sərt ittihamlar...

Qüdrət Həsənquliyevdən Rövnəq Abdullayevə sərt ittihamlar...

6 May 2011, 18:10

Qüdrət Həsənquliyev: “Rövnəq Abdullayev özü şofer işləyib, amma sahibkarlara borcunu qaytarmır”

Rövnəq Abdullayev: “Belə şirkətlər haqqında donqili ifadələr işlətməyin”


Modern.az saytının məlumatına görə, Milli Məclisin (MM) bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev neft yataqlarının bərpası ilə bağlı qanunun müzakirəsi zamanı deputat, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ünvanına sərt ifadələr səsləndirib. Bu, Balaxanı-Sabunçu-Ramana  və Kürdəxanı neft yataqlarının  daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin qəbulu və təsdiqi haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Həmin layihəyə əsasən, Dövlət Neft Şirkəti, Uqe-Lanser PTİ. LTD  və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanır. Qüdrət Həsənquliyev isə sənəddə adı keçən Uqe-Lanser şirkəti haqqında heç bir məlumat tapa bilmədiyini söyləyib:

“Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”.

Q.Həsənquliyev xatırladıb ki, vaxtilə Pənah Hüseyn də Dubayda qeydiyyatda olduğu iddia edilən “Bahar enerji” adlı şirkət haqda araşdırma aparmışdı. Məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur: “Naxçıvanda belə saxta şeyləri “donqili” adlandırırlar. Pənah bəy o vaxt o şirkətin donqili olduğunu demişdi. Məndə belə şübhələr var ki, bu şirkət də donqili – saxta şirkətdir. Bizə niyə məlumat verilmir ki, bu şirkət Azərbaycandan başqa hansı ölkədə fəaliyyət göstərib?”.
Sazişin şərtlərinə də diqqəti yönəldən deputat bildirib ki, 2 il 3 aydan sonra şirkət istehsalın həcmini 1,5 dəfə artıracaq. O vaxta qədər isə kontrakt qüvvəyə minəndən etibarən istehsal olan neftin gəlirindən 75 faizini götürəcək:
“Belə çıxır ki, bunlar 2-3 il ərzində gəlirin 75 faizini götürəcəklər, sonra həmin pulu Azərbaycana yatıracaqlar. İstehsalat həcmi 1,5 dəfə artandan sonra yenə də 75 faiz gəlirini götürəcəklər. Bəs nə qədər investisiya yatıracaqlar – bu barədə söz deyilmədi”. 
Deputat bildirib ki, Milli Məclis mənşəyi bəlli olmayan bu tipli şirkətlərlə sazişləri təsdiqləyib belə məsuliyyətin altına girməməlidir: “Azərbaycan xalqının varidatının bu şəkildə talanmasına imkan verməli deyilik”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ünvanına da iradlarını bildirən Q.Həsənquliyev bu qurumun sahibkarlara xeyli borcu olduğunu deyib:
“Mətbuatda yazırlar ki, ARDNŞ  xarici ölkələrə 17 milyard dollar investisiya qoymaq istəyir. Bu vəsait Azərbaycana qoyulmalıdır, iş yerləri açılmalıdır. Neft şirkətinin özünün azərbaycanlı sahibkara 100 milyonlarla borcu var, vermir. Onlardan biri ilə bağlı Rövnəq müəllimlə görüşmüşəm, söz verdi, eləmədi. Rövnəq müəllim özü də hansısa şirkətin şoferi olub, sahibkarların vəziyyətini anlamalıdır”.

Q.Həsənquliyevin bu sözlərindən sonra MM-də bir anlıq sükut çöküb. Spiker Oqtay Əsədov bu cür şirkətlər barədə doqma kimi fikirlər söyləməməyi məsləhət gördü.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov həmkarının dediklərinə, xüsusilə də R.Abdullahyevin sürücü işləməsi ilə bağlı sözlərinə iradını bildirib: “Hər adam nazir, deputat doğulmur. Hər kəs həyat yolu keçir. Bunu parlament tribunasında bu cür ifadə etməyin  yeri yoxdur. Bu cür ittihamlar, bu fikirlərin parlament səviyyəsinə gətirilməsinin yolu yoxdur”.  

Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev öz növbəsində Q.Həsənquliyevin yalnız xarici şirkətlə bağlı dediklərinə cavab verməklə kifayətlənib. Bildirib ki, Uqe-Lanser şirkəti 2003-cü ildən etibarən Almaniya, Rumıniya, Özbəkistan və  Gürcüstanda layihələr həyata keçirib. “Həmçinin, 2003-cü ildə o şirkətlə birlikdə ekomühəndislik şirkəti yaratmışıq, Azərbaycanda bir sıra ekoloji layihələr həyata keçirmişik. Bu baxımdan, Bibiheybətdə görülən işlər – təmizləmə, rekonstruksiya işlər göz qabağındadır. Biz o şirkəti ekoloji layihələrində təcrübəsi olduğunu nəzərə alaraq bu qərarı vermişik”.  

Rövnəq Abdullayev sanballı şirkətlər haqqında “donqili” kimi ifadələr işlətməməyi məsləhət görüb: “Bu şirkət milyard dollara yaxın investisiya planları  hazırlayıb. Dünyanın böyük bankları donqili adlandırdığınız bu şirkətlərə  milyard dollarlıq kreditlər açır. Dünyanın böyük şirkətləri bunların layihələrini yoxlayıb rəy verib”.  

Sözügedən qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Amma bundan dərhal sonra Rövnəq Abdullayev iclas zalını tərk edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj