Milli Məclisin vitse-spikeri Bahar Muradova mayın 6-da jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisdə yaxın vaxtlarda amnistiya aktı qəbul etməsi gözlənilmir.
Modern.az xəbər verir ki, B.Muradovanın sözlərinə görə, Azərbaycanda amnistiya aktının qəbulu və əfv fərmanlarının imzalanması ilə bağlı müəyyən təcrübə var:
“Milli Məclis bir neçə amnistiya aktı qəbul edib. Prezident demək olar hər il bir qisim insanları əfv edir. Amma konkret olaraq yaxın günlərdə amnistiya aktının qəbul olunacağını deyə bilmərəm. Çünki qanunvericilik təşəbbüsü subyektlərindən Milli Məclisə amnistiya ilə bağlı layihə daxil olmayıb. Milli Məclisin özündə belə sənəd hazırlanmır. Çünki amnistiya aktı çox ciddi qanun layihəsidir və o, gərgin iş tələb edir. Bunu tez bir zamanda hazırlamaq çətindir".
B.Muradova deyib ki, amnistiya aktı layihəsi əlaqədar qurumlarla birgə hazırlanmalı və sonra parlamentə qəbul olunmalıdır.
"Hazırda belə bir məsələ ortada yoxdur. Amnistiya aktının zəruri olub-olmamasına dair fikri müvafiq icra hakimiyyəti orqanları deməlidir. Əgər onlar desələr ki, bu məsələyə baxmaq lazımdır, o zaman baxmaq olar. Amma hazırda belə bir təklif yoxdur”.