Bu vaxt 5 ildən çox olmayaraq hər dəfə 1 il müddətinə uzadıla bilər
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov gündəlikdəki bir neçə qanun layihələri barədə açıqlama verib:
““Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna və bu qanunun tətbiqi ilə bağlı Əsasnaməyə təklif olunan dəyişiklikdə məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın müvəqqəti olaraq ölkədən getməsi hüququnun müəyyən müddətə məhdudlaşdırılması ilə bağlı məsələlər öz əksini tapıb.
“Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklər barədə qeyd edildi ki, sənədə yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə ilə bağlı yeni müddəa əlavə olunur. Layihədə inzibati xəta ilə bağlı protokolun tərtib edilməsi və cərimənin yeni qaydada ödənilməsi ilə bağlı məsələlər də öz əksini tapmışdır. Bildirildi ki, göstərilən dəyişikliklər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də ediləcək”.
İclasda vətəndaşın ərizəsinə baxılma qaydaları ilə əlaqədar Mülki Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişiklik barədə də məlumat verilib.
Sonra parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Seyid Hacı Mirhəşim “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklik barədə danışıb:
“Sənəddə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddinin 65 olması təklif edilir. Eyni zamanda, bu vaxt 5 ildən çox olmayaraq hər dəfə 1 il müddətinə uzadıla bilər”.
Komitə üzvləri dövlət qulluğunda olmanın yaş həddinin “pensiya yaşı” ifadəsi ilə əvəzlənməsi barədə öz fikirlərini açıqlayıblar.
İclasda Mülki Prosessual, Cinayət, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə və Mülki məcəllələrində, habelə “İcra məmurları haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişikliklərlə bağlı qeyd edilib ki, bu sənədlərdə “məhkəmə nəzarətçiləri” və “məhkəmə icraçısı” sözlərinin “icra məmurları”, “icra məmuru” ifadələri ilə əvəz edilməsi təklif olunur.
Modern.az