Modern.az

Ülvi Quliyev: “Prezident İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanıb”  

Ülvi Quliyev: “Prezident İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanıb”   

10 İyun 2015, 12:00

"Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atacaq".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibət bildirərkən deyib.

Ü.Quliyev qeyd edib ki, I Avropa Oyunları Azərbaycan üçün, onun təbliğatı üçündür.

“Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanmış siyasətdir. İnanıram ki, I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi Azərbaycan üçün xüsusi rol oynayacaq. Prezident İlham Əliyev bu günə qədər nəticəsi görünməyən hər hansı layihəyə imza atmayıb. Ona görə də heç şübhəniz olmasın ki, I Avropa Oyunları Azərbaycan üçün böyük nəticələr gətirəcək. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək. Yadınızdadırsa, Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də Azərbaycan bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, Azərbaycandakı görülən bu işlər "Eurovision" tarixində yadda qaldı. O zaman "Cristal Hall" inşa olundu və bu gün dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların ixtiyarındadır. Həmin "Cristal Hall"a baş çəkən nəinki azərbaycanlılar, hətta əcnəbilər də heyrətə gəlirlər. Mən hesab edirəm ki, I Avropa Oyunları ilə bağlı tikilən idman obyektləri də eyni nəticəni verəcək".


Federasiyanın prezidenti hesab edir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir:

"Nəzərə alınmalıdır ki, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında I Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Birmənalı şəkildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır. Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərinin gələn qonaqlara çatdırılmasında birinci Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin inkişafına böyük töhvə olacaq. I Avropa Oyunları ilə əlaqədar mükəmməl Təşkilat Komitəsi yaradılıb və bizim hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbərlik edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə təşkilati işlər aparılır. Baxın, burada bir haşiyəyə çıxmaqla bu oyunların əhəmiyyətini diqqətə çatdıracağam. Bu gün Amerika Birləşmiş Ştatlarının 17 ştatı Xocalı soyqırımını tanıyıb. Bu, bir gündə, bir ayda, bir ildə görülən işlərin nəticəsidirmi? Xeyr! Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin nəticəsidir. I Avropa Oyunlarında Azərbaycanın təbliği üçün kifayət qədər münbit şərait yaranır. Təbliğatın nəticəsi 1 gündə özünü göstərə bilməz. Bu təbliğat bir neçə ildən sonra, bəlkə də 10-20 ildən sonra öz bəhrəsini verəcək. Ona görə də gəlin hələ tələsməyək".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu