Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib.
”Artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir. Futbol yarışlarında universitetin 17 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub”.
A.Məhərrəmov deyib ki, futbol çempionatında birinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə tarix və hüquq fakültələrinin tələbələri tutub. Qaliblərin mükafatlandırılma mərasimindən sonra rektor I, II və III yeri tutanların universitetin Altıağacda yerləşən tədris-təcrübə bazasına istirahətə göndəriləcəklərini diqqətə çatdırıb.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib ki, Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bir qrup alpinist bu gün Şahdağa yola düşəcək. Onlar Heydər Əliyevin oradakı baralyefi önünə BDU-nun bayrağını asacaqlar.
Mail Ağaxanov