Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Gürcüstan hakimiyyətinin ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə Azərbaycanda iğtişaşlar törətmək cəhdləri ilə bağlı mətbuatda dərc edilən yazılara münasibət bildirib. Jurnalistlərə açıqlamasında Ə.Həsənov deyib ki, Gürcüstan hökumətinin Azərbaycanda iğtişaşlar törətmək planının olması barədə yayılan xəbərlər təxribatçı qrupların işidir. Həmin təxribatçı qruplar iki ölkə arasında münasibətləri korlamaq məqsədi ilə bu məsələri ortaya atıblar.
Prezident Administrasiyasının rəsmisi bildidb ki, bu gün Cənubi Qafqazın əhəmiyyətli hərbi geostrateji mövqeləri və bu kimi mexanizmlər Gürcüstanla Azərbaycanın əlində cəmləşib.
O bildirib ki, Cənubi Qafqazda həlledici sosial siyasi münasibətləri Azərbaycan dövləti və onun tutduğu yol müəyyən edir.
"Azərbaycanın Gürcüstanla birlikdə yaratdığı strateji müttəfiqlik münasibətləri şərq-qərb münasibətlərində sözün əsl mənasında bir geostrateji faktordur. Azərbaycan hökuməti ölkə başçısının rəhbərliyi altında bu istiqamətdə bütün lazımi işləri görür", deyə Ə.Həsənov vurğulayıb.
Xatırladaq ki, belə bir iddia ilə ötən həftə Rusiyanın kəşfiyyat dairələri ilə yaxınlığı ilə tanınan ilahiyyatçı-politoloq Heydər Camal çıxış edib. Gürcüstan və Azərbaycan politoloqları da H.Camalın "əməliyyat məlumatlarını" təxribat kimi qiymətləndimişdilər.