Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu mayın 6-da Təhsil Nazirliyinin qarşısında dindarların keçirdiyi icazəsiz aksiya ilə bağlı birgə məlumat yayıb.
Modern.az xəbər verir ki hüquq-mühafizə orqanlarının birgə məlumatlna görə, təxminən sayı 150 nəfər olan radikalyönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
”İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməmiş və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törətmişlər.
Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulmuş, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulmuşdur”-deyə məlumatda bildirilib.
Qeyd edilib ki, xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərib, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilmiş, onlardan 5-i hospitala yerləşdirilib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən aksiya ilə bağlı 45 nəfər saxlanılıb. Onlardan 20 nəfərinə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 25 nəfəri barəsində isə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.