Artıq 13 ildir ki, Azərbaycanda 30 iyun Sevgililər günü kimi qeyd olunur. Bu günün tarixinin xüsusi özəlliyi var. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Ona görə də 2009-cu ildən başlayaraq rəsmi şəkildə olmasa da, Azərbaycanda bu gün xüsusi gün kimi keçirilir.
Artıq illərdir ki, 30 iyun sevginin, sədaqətin göstəricisi sayılır. Sirr deyil ki, illərdir dünyada 14 fevral Valentin günü Azərbaycanda da dəbdəbəli şəkildə keçirilir. Rəsmi olmasa da insanlar bu günə xüsusi önəm verirdi. Lakin İlham və Fərizənin toy günü ilə bağlı xatirə ənənə şəklini alandan sonra artıq bu günə də xüsusi önəm verilməyə başlanılıb.
Unutmayaq ki, cəmiyyətin sevgi üzərində qurulduğunu nəzərə alsaq, iki insanın hisslərini qeyd edə bilməsi üçün müəyyən tarixi günün olması zəruridir. Bu zərurilik özünü göstərməkdədir.
Belə ki, bir qrup Azərbaycan ziyalısı ölkə başçısına müraciət edib ki, 30 iyun tarixi Azərbaycanda rəsmən Sevgililər günü kimi təsis olunsun.
Modern.az-ın məlumatına görə, tbu barədə tanınmış hərbi diktor Şəmistan Əlizamanlı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbaildə keçirilən tədbirində deyib.
Görünür, bu cür əlamətdar günlərə ehtiyac var. Hətta, sosioloqlar da belə günlərin keçirilməsini milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab edirlər.
Nə deyirik, təki müqəddəs hisslə bağlı olan sevgimiz tükənməsin.
Sevgililər gününüz mübarək!
Namidə BİNGÖL