Adətən yaz-yay mövsümündə bəzi ərzaq mallları, o cümlədən ətin qiyməti ucuzlaşır. Bakıda isə bunun əksi müşahidə olunur. Son günlər şəhərin ticarət şəbəkəsində mal ətinin qiymətini başalaşdırmaqda davam edirlər. Bir ay öncə 6,5 - 7 manata satılan mal əti indi 7 manat 50 qəpiyə - 8 manata satılır.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə deyib ki, son vaxtlar ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır.
“Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik"-deyə A.Vəliyev bildirib.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az saytına bildirilib ki, Azərbaycanda ət istehsalı ildən-ilə artır. Məsələn, ötən il ət istehsalı (diri çəkidə) 7,1 faiz artıb. Nazirlikdən verilən məlumata görə, 2010-cu ildə respublikada diri çəkidə 439 min 954 ton ət istehsal olunub. Kəsilmiş çəkidə isə ötən il 253,8 min ton ət istehsal olunub.
“Respublikada minimum istehlak səbətinin tərkibinə görə keçən il adambaşına 27,8 kq əvəzinə 26,8 kq ət istehlak olunub”-deyə nazirlikdən bildirilib.
“Uzun illər boyu heyvandarlıq məhsullarını idxal edən ölkə kimi tanınan Azərbaycan son 5 ildə heyvandarlıq məhsulları ixrac etməyə başlamışdır”-deyən Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri də ətin qiymətinin artmasını süni amillərlə izah edirlər.
Bəs bu süni amilləri yaradanlar kimlərdir? Nazirlikdən bu suala cavab ala bilmədik.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 6-da Ağcabədidə kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı üçün ardıcıl tədbirlər görüldüyünü qeyd edib. Ondan əvvəl keçirdiyi tədbirlərdə ölkə başçısı süni qiymət artımına yol verənlərə dəfələrlə xəbərdarlıqlar edib.
DSK sədri Arif Vəliyev ətin qiymətində müşahidə olunan bahalaşmanın süni xarakter daşıdığını deyirsə, süni bahalaşma yaradanlar kimlərdir? Ölkə başçısının xəbərdarlıqlarını kimlər qulaqardına vurur?
Millət vəkili Əli Məsimli deyir ki, Milli Məclis başalaşmanın qarşısının alınması prosesinə qoşulmalıdır.
"Süni qüymət qaldırılması mütəşəkkil cinayətkarlığın bir növü kimi qiymətləndirilməli və bahalaşmaya yol verənlər cəzalandırılmalıdır. Başqa cür qarşısını almaq mümkün deyil. Qısa müddətdə ancaq bu yolla qarşısını almaq olar”-deyə Ə.Məsimli vurğulayıb.
Modern.az