Bu gün dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda, H.Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştrak ediblər. Dövlət başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünyanın 50-dək ölkəsindən gətirilən gül-çiçəklə bəzədilən parka gəlirlər. Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olunub, postament güllərlə hörülüb. Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olunan parkın gözəlliyini seyr ediblər.
AzərTAc-ın məlumatına görə, müxtəlif çiçəklərdən yığılan “xalça”lar və Heydər Əliyevin portreti orijinallığı ilə göz oxşayır. Cürbəcür çiçəklərdən yığılan “88” rəqəminin təsvir olunduğu kompozisiya da gözəlliyi ilə diqqəti cəlb edir. Xarici ölkələrdən gətirilən və Azərbaycanda yetişdirilən müxtəlif güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar buraya gələnləri heyran qoyur.
Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa ediblər. Güldən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurub.
Dövlətimizin başçısı və ailə üzvləri burada uşaqlarla söhbət ediblər, onlarla xatirə şəkli çəkdirib.
Modern.az