“Azərkosmos” ASC operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Hazırda “Azerspace-1” peykinin dünyanın 20-dən çox ölkəsində müştəri bazası var və peyk üzərindən Azərbaycan, türk, rus, ingilis, gürcü və Ukrayna dillərində, yerli və beynəlxalq səviyyəli televiziya və radio kanalları yayımlanır”.
Bunu Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq deyib.
Bildirilib ki, cari ilin altı ayı ərzində “Azərkosmos”la Gürcüstanın daha dörd televiziya kanalı (GDS TV, İmedi TV, Marneuli TV, Pirveli TV), Qırğızıstanın Sentyabr TV, Tükiyənin əksər radio kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.
“Artıq “Azerspace-1” peykinin tutumlarının istifadə göstəricisi 80%-ə çatdırılıb. Peykin kommersiya fəaliyyətində olduğu illər ərzində peyk xidmətlərinin göstərilməsindən əldə edilən gəlirlər hər il orta hesabla 20%-dan çox artıb.
Bu il “Azərkosmos” Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının açılış və bağıanış mərasimlərinin, “Formula 1” yarışlarının görüntülərinin yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı olub.
Həmçinin, “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə peyk xidmətlərinin fəaliyyətini genişləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərkosmos” ASC qarşısında “Azersky” peykindən istifadə etməklə ölkəmiz üçün yeni imkanlar və inkişaf perspektivlərinin yaradılması hədəfi qoyulub. Cənab prezidentin sədrliyi ilə 10 aprel 2017-ci il tarixində Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdiyi kimi, kənd təsərrüfatı sahəsində qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi Azersky peykinin imkanlarından geniş istifadə edilməlidir”.
Nazirlikdən verilən məlumata görə, Artıq “Azərkosmos” ASC bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir.
“Qeyd edək ki, Azersky peykinin tətbiq sahələrində ayrı-ayrılıqda, xüsusilə də kənd təsərrüfatı sahəsində artıq konkret əldə olunmuş uğurlu nəticələr vardır. Beləki, “Azersky” müşahidə peyki üzrə, hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının monitorinqi və məhsuldarlığının ölçülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və ölkədə aqrar sektorda olan holdinqlərlə aktiv işlər görülür. Həmçinin cari ildə sənaye məhəllərinin ümumi planlaşdırma işləri, qızıl yataqlarının monitorinqi və hasilat işlərinə nəzarət, Xəzərin dənizinin qalxma səviyyəsinin Pirallahı sənaye parkına təsirinə dair layihələrin həyata keçirilməsi üzrə bir çox dövlət qurumları ilə əməkdaşlıqlar edilir. Eyni zamanda, Region ölkələrində, xüsusilə də İran, Özbəkistan, Qırğızıstan, Estoniya, Latviya, Litva, Gürcüstan, Sudan və digər ölkələrdə peyk təsvirlərinin satışı barədə danışıqlar aparılır və satışın daha da artırılması ilə bağlı tədbirlər görülür. Satışlarla yanaşı, Azersky peykinin təsvirlərinin təşviqat işləri də aparılır. Buna misal olaraq, 2017-cı il may ayında “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsi növbəti dəfə elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqəyə elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlar cəlb edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki – “Azerspace-2” 45° şərq uzunluğunda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin 2018-ci ilin I rübündə orbitə çıxarılması nəzərdə tutulur. Eyni zamanda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər aparılır. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1” orbitdəki ehtiyatı olacaq və əhatə zonasını genişləndirməklə “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək”.
Namidə BİNGÖL